"Ukrayna ilə bağlı danışıqlar prosesi sürətlənə bilər"- Şərhçi

ABŞ Prezidenti Donald Tramp “Fox News” müsahibəsində bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna məsələsi ilə bağlı danışıqlarda çeviklik nümayiş etdirməlidir.
Tramp həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putindən də lazımi yanaşma gözləyir.
"Ümid edirəm ki, Prezident Putin düzgün addım atacaq. Belə olmayacağı təqdirdə vəziyyət ağır olacaq", - o əlavə edib.
O qeyd edib ki, Putin və Zelenskinin ilk mümkün görüşünün ikitərəfli formatda keçirilməsi üçün bu görüşdə iştirak etməyi planlaşdırmır.
ABŞ-nin tərəflər arasında davam edən vasitəçilik rolu barədə Crossmedia.az-a danışan siyasi şərhçi Vüsalə Gülmalıyeva bildirib ki, Trampın çevik yanaşması və ardıcıl görüşləri onun sülh prosesində fəal vasitəçi olduğunu göstərir: "Trampın həm Zelenskiyə, həm də Putinə çeviklik göstərməsi və onlarla ardıcıl görüşlər keçirməsi, sülh istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər. Bu təşəbbüslər danışıqlar prosesini sürətləndirə və tərəflər arasında etimadın artırılmasına xidmət edə bilər. Belə yanaşma, Trampın vasitəçilik qabiliyyətini önə çıxarır və onun sülh prosesi üçün aktiv rol oynadığını göstərir".
O, bildirib ki, Trampın təcrübəsinə baxmayaraq, Ukrayna–Rusiya münaqişəsini dayandırmaq geosiyasi mürəkkəbliyi səbəbindən daha çətin və spesifik yanaşma tələb edir: "Müharibəni dayandırmaq məsələsi isə xüsusilə mürəkkəbdir. Tramp özü də dəfələrlə vurğulayıb ki, Ukrayna–Rusiya münaqişəsi ən çətin həll olunan müharibələrdən biridir. Onun əvvəlki təcrübələri altı münaqişənin dayandırılması ilə nəticələnmiş olsa da, bu müharibənin geosiyasi xarakteri və mürəkkəbliyi onu daha fərqli və çətin bir proses edir".
G.Vüsalə Tramp münaqişəni, həqiqətən, dayandıra bilsə, bu onun həm tarixi lider kimi yadda qalmasına, həm də qlobal səviyyədə sülhə verdiyi töhfənin qiymətləndirilməsinə səbəb olacağını bildirib: "Əgər Tramp bu münaqişəni, həqiqətən, dayandıra bilsə, bu həm ABŞ tarixində, həm də dünya miqyasında nadir bir uğur sayılacaq. Belə bir nəticə onun vasitəçi kimi tarixi lider obrazında yadda qalmasına və hətta Nobel Sülh Mükafatına layiq görülməsinə səbəb ola bilər. Bu halda onun siyasətdə və diplomatiyada sülhün təmin olunmasında oynadığı rol əhəmiyyətli dərəcədə yüksələcək".
Fatimə Nəbiyeva
14:11 20.08.2025
Oxunuş sayı: 1506