"Ukraynada gələcəkdə dondurulmuş münasibətlər təkrar münaqişəyə çevrilə bilər” - RƏY

Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə deyib ki, Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edir. Tərəflər hər ikisi müharibədə ciddi itkilər verib. Müharibənin bitməsi üçün bir çox dövlət vasitəçi qismində çıxış etsə də heç bir nəticə əldə edilməyib. Müharibənin bitməsi üçün daha çox maraqlı olan ABŞ Prezidenti Donald Tramp yenə də vasitəçi qismində çıxış edir. Alyaskada Tramp və Rusiya prezidenti Vladimir Putin arasında olan görüş münasibətlərin normallaşmasına ümid yaratmışdı. Lakin Zelenskinin bu çıxışı vəziyyətin hələ də gərgin olaraq qaldığını göstərir. Bu danışıqlarda da sülh əldə edilməsə Tramp bundan sonra vasitəçi qismində çıxış edəcəkmi? Yaxud sülh ya da hər hansı razılaşma əldə edilməsə proseslər necə irəliləyəcək?
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Crossmedia.az-a açıqlama verib:
“Ukraynanın tezisi budur ki, nüvə silahlarının qarşılığında onun təhlükəsizliyinə təminat verilsin. Amma proseslər göstərdi ki, Ukraynanın nə təhlükəsizliyi təmin olunur, nə də ərazi bütövlüyünə zəmanət verilir. Növbəti mərhələlərdə də Donbass və Donetskin verilməsi qarşılığında atəşkəs təklifi ola bilər. Bu,sülh deyil və heç bir təminat yoxdur. Bu da o deməkdir ki, gələcəkdə dondurulmuş münasibətlər təkrar münaqişəyə çevrilə bilər”.
Ayhan
13:13 18.08.2025
Oxunuş sayı: 1139