"Rusiya ABŞ-nin təzyiqlərini azaltmağa çalışır"- Ekspert

Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb ki, Rusiya dövlət başçısı Vladimir Putin atəşkəs və müharibəyə son qoymaq niyyətində deyil, əksinə yeni hərbi hücumlara hazırlaşır. Zelenskinin sözlərinə görə, Rusiya qoşun və texnikasını yeni əməliyyatlar üçün aktivləşdirir və sülhə hazırlaşmaq əlamətləri yoxdur. O, ABŞ-Rusiya görüşünü Putinin şəxsi qələbəsi kimi təqdim etməsinə və Ukraynaya təzyiq məqsədilə istifadə etməsinə diqqət çəkib.
Zelenskinin verdiyi açıqlama barədə Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ukrayna liderinin Rusiyanın atəşkəsə deyil, yeni hücuma hazırlaşması barədə verdiyi bəyanat sensasiya sayılmamalıdır: “Artıq uzun müddətdir ki, Rusiya Ukrayna ərazisinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə intensiv zərbələr endirir. Yəni, Rusiya hücumlarını dayandırmayıb ki, indi yenidən ona hazırlaşsın. Faktiki olaraq, işğalçı qüvvələrin hərbi təcavüzü davam edir. Hazırda Ukrayna və Rusiya ABŞ vasitəçiliyi ilə danışıqlar aparmaq üçün görüşə hazırlaşır. Əvvəlcə Zelenski danışıqlardan imtina edirdi, lakin ABŞ-dən gələn təzyiqlər nəticəsində üçtərəfli görüşün baş tutma ehtimalı böyükdür. Ancaq vəziyyət göstərir ki, Rusiya danışıqlar prosesini mümkün qədər uzaqlaşdırmaq, ikinci və üçüncü səviyyəli məmurları cəlb etməklə prosesi uzatmaq istəyir. Bu, ABŞ-nin təzyiqlərini azaltmaq məqsədini güdür".
Ekspert vurğulayıb ki, ərazidə istifadə etdiyi silah və sursatların miqyasına baxdıqda, statistik göstəricilər Rusiyanın potensialının böyük hissəsini itirdiyini göstərir: "Artıq İran və Koreya istehsalı olan silahlar Rusiyanın əsas arsenalına çevrilib. Ümumiyyətlə, Rusiya danışıqlar prosesində yalnız formal iştirak edir. Maksimum səviyyədə, ABŞ və digər tərəflərin vasitəçiliyi ilə qısa müddətli, 1-3 gün davam edən humanitar atəşkəs elan oluna bilər. Ancaq bundan sonra Rusiya yenə də Ukraynanı atəşkəsi pozmaqda günahlandıracaq və işğal məqsədli hücumlarına davam edəcək".
Mehriban Yariyeva
15:35 12.08.2025
Oxunuş sayı: 6324