Tramp - Putin görüşü niyə vacibdir?- Ekspert açıqladı

ABŞ vitse-prezidenti Cey Di Vens “Fox News”a müsahibəsində bildirib ki, Prezident Donald Tramp Ukrayna üzrə danışıqların uğurla nəticələnəcəyinə tam əmin olmasa da, prosesin başlanmasını vacib sayır. O, ABŞ və Rusiya liderlərinin görüşünü mühüm diplomatik irəliləyiş kimi dəyərləndirərək qeyd edib ki, Vaşinqton mövcud təmas xətti əsasında həm rusiyalıların, həm də ukraynalıların dinc yaşaya biləcəyi həll yolunu tapmağa çalışır. Bununla yanaşı, Vens ABŞ-ın Ukraynanın hərbi sənayesinin maliyyələşdirilməsini dayandıraraq diqqətini sülh yolu ilə nizamlanmaya yönəltdiyini vurğulayıb. Hakimiyyətə gəlməmişdən əvvəl müharibəni bir günə bitirməyi vəd edən Trampın hazırda müharibənin bitməsinə olan ümidsizliyi nədən xəbər verir? ABŞ belə müharibənin bitəcəyinə ümidsiz yanaşırsa bu müharibə necə bitəcək?
Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Crossmedia.az-a açıqlama verib: “ABŞ hakimiyyəti Rusiya-Ukrayna müharibəsinin atəşkəslə nəticələnməsi ilə bağlı danışıqlar davam etdirməkdədir. Bəyənatlar isə müxtəlifdir. Trampdan gah mənfi, gah müsbət fikirlər eşitməkdəyik. Təbii ki, danışıqlar gedir və Rusiya da geri çəkilmək niyyətində deyil. Ukrayna Prezidenti Volodimir Zelenskidə bundan əvvəl olduğu kimi , bu dəfə də vadar edilməyə qarşı çıxır və istər yanvar ayında, istərsə də indi Ukraynanın prinsiplərindən geri çəkilməyəcəyini bildirib. Belə olan təqdirdə müharibənin dayandırılması ilə bağlı fikirləri fərqlidir. Bu müxtəlifliyin aradan qaldırılması üçün danışıqlar gedir. Müəyyən nəticə əldə edilə bilər.Lakin bu zaman tərəflər prinsipləri üzərində yenidən düşünməlidirlər. Məncə, ABŞ və Rusiya arasında olan görüş irəliyə atılmış bir addımdır. Çünki onlar birbaşa bir -birini görəcək və ünsiyyət quracaqlar. Təkcə Ukrayna deyil ,digər məsələlərlə bağlı da müzakirələr aparılacaq”.
Ayhan
15:57 11.08.2025
Oxunuş sayı: 1030