"Ukrayna azadetmə əməliyyatına başlayacaq"- Ekspert

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini, general-leytenant İqor Romanenko bildirib ki, hazırda danışıqlar prosesi çox çətindir, xüsusilə ruslarla.
“Onların bu danışıqları aparmaq, hər cür yanaşmalardan – hiylə, şantaj, təhdid və s. – istifadə etmək kimi cəsarətli niyyətləri var. Və biz görürük ki, bütün bunlar strateji səviyyədə baş verir. Rusiya prezidenti Vladimir Putin – köhnə kəşfiyyat işçisidir, öz məktəbi var, buna görə təlim keçib. Üstəlik, vasitələr, agentura – bütün bunlar hazırda danışıqlar prosesinə onların maraqları naminə təsir göstərmək üçün istifadə olunur. Bunların hamısı cəbhələrdəki vəziyyətlə bağlıdır. Buna görə də belə ağır bir anda Müdafiə Qüvvələrinə düşmənə qarşı mübarizədə hərtərəfli yardımın təşkili vacibdir”, – deyə Romanenko bildirib.
O əlavə edib ki, hazırda ruslar yeni ehtiyat qüvvələr toplayır və cəmləşdirir. General-leytenantın sözlərinə görə, Rusiya mövcud vaxtdan cəbhədə maksimum irəliləmək üçün istifadə etməyə çalışır.
Generalın səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan hərbi ekspert Emil Həsənli bildirib ki, Ukrayna artıq öz müharibə potensialını yaradıb: "Vəziyyət ağır həddə çatıb. Fikirlər var idi ki, Ukrayna müharibədə bütün torpaqlarını itirə, dövlətçiliyini itirə, böyük insan itkiləri verə və ölkəsi dağılma təhlükəsi ilə üzləşə bilər. Vu mənzərə artıq gerçəkləşib. Odur ki, Ukrayna toparlanaraq yenidən işğal altında olan torpaqlarını azad etməyə hazırlaşır. Bir çoxu Azərbaycanı nümunə göstərir. Azərbaycan atəşkəs dövründə dövlətini və ordusunu qurdu, hərbi potensialını gücləndirdi. Atəşkəs dövründə qarşı tərəf də hazırlıq aparacaq. Rusiyada ona tətbiq olunan embarqonaların aradan qaldırılmasını istəyir. Bu, Rusiya iqtisadiyyatını gücləndirə və hərbi sahədə prosesləri yenidən aktivləşdirə bilər. Nəticədə Rusiya Ukraynanı tam işğal etmək üçün addımlar ata bilər".
Ekspert qeyd edib ki, beynəlxalq şərtlər imkan verdikcə, Rusiyanın hərəkətləri buna uyğun olacaq: "Ancaq Ukrayna boş durmayacaq və bütün gücü ilə savaşa davam etirəcək, hərbi potensialını və sənaye kompleksini gücləndirəcək, silah istehsalını inkişaf etdirəcək. Bundan sonra isə azad etmə əməliyyatlarına başlayacaq. Ukrayna torpaqlarını sülh yolu ilə də, müharibə yolu ilə də geri ala bilər. Lakin sülh yolu inandırıcı deyil. Çünki Rusiya Prezidenti Vladimir Putin hakimiyyətdə olduğu müddətdə Ukraynanın torpaqları sülh yolu ilə qaytarması mümkün deyil. Əminən ki, Ukrayna xalqı işğalla barışmayacaq".
Mehriban Yariyeva
14:47 11.08.2025
Oxunuş sayı: 1312