NATO Baş katibindən mühüm açıqlama: "Rusiya daha sərt addımlar ata bilər"

NATO Baş katibi Mark Rutte bildirib ki, rəsmi Kiyev Rusiya- Ukrayna müharibəsibin bitməsi ilə bağlı həlli üzrə mümkün razılaşma çərçivəsində öz gələcəyini müəyyən etməlidir və NATO-nun Şərqi Avropadakı qoşunlarının mövcudluğuna məhdudiyyət qoyulmamalıdır. Bu, bölgədə həm yeni fürsətlər, həm də risklər yarada bilər.
Məlum olduğu kimi, Şərqi Avropada vəziyyət kifayət qədər gərgindir. ABŞ Prezidenti Donald Trampın bütün səylərinə baxmayaraq, müharibə hələ də bitmir. Nə Rusiya güzəştə gedənə oxşayır, nə də Ukrayna.
Belə bir vəziyyətdə Baş katibin açıqlaması diqqət çəkir.
AMEA-nın elmi işçisi siyasi şərhçi Vüsalə Gülmalıyeva Ruttenin açıqlaması barədə Crossmedia.az-a açıqlama verib: "Baş katibin səsləndirdiyi iki fikir – Ukraynanın danışıqlarda öz gələcəyini özü müəyyən etməsi və NATO qoşunlarının Şərqi Avropada məhdudiyyətsiz qalması – bölgəyə həm müsbət, həm də mənfi təsir göstərə bilər.Birinci olaraq, Ukraynanın öz gələcəyini özü müəyyən etməsi onun müstəqilliyini və hüquqlarını qoruyan yanaşmadır. Ancaq bunun mənası odur ki, Kiyev öz şərtlərindən asanlıqla geri çəkilməyəcək və nəticədə danışıqlar prosesi uzun çəkə bilər. İkinci məsələ NATO qoşunlarının bölgədə qalmasıdır. Bu, NATO ölkələrinin təhlükəsizliyini artırır və hücumu düşünən tərəflərə siqnal verir ki, risk böyükdür. Lakin Rusiya bunu özünə təhlükə kimi qiymətləndirib daha sərt addımlar ata bilər. Qısamüddətli perspektivdə bu mövqe müharibənin böyüməsinin qarşısını ala bilər. Uzunmüddətli dövrdə isə, əgər tərəflər arasında etimad yaranmasa, bölgədə gərginlik davam edə bilər.
V. Gülmalıyevanın sözlərinə görə, belə vəziyyətlərdə hər iki tərəfin diqqətli və balanslı mövqe tutması vacibdir ki, regionda sülh və sabitlik qorunub saxlanılsın.
Mehriban Yariyeva
14:20 11.08.2025
Oxunuş sayı: 964