Ərdoğanın Ukrayna səfəri niyə təxirə salındı?: Mühüm Rusiya faktoru

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda Ukraynaya gedəcəyinə dair yayılan iddialar təkzib olunub. Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hələ ki, Ərdoğanın gündəliyində belə bir plan yoxdur: "Belə bir məsələ olarsa, xəbər veriləcək".
Daha əvvəl Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal “RBK-Ukrayna”ya müsahibəsində bildirmişdi ki, Ərdoğanın Ukraynaya səfərinə hazırlıq görülür.
Ərdoğanın Ukraynaya mümkün səfəri ilə bağlı müxtəlif ehtimal və versiyalar var idi. Bu səfərin Rusiya – Ukrayna müharibəsinin bitməsində mühüm rol oynayacağını iddia edənlər də var idi. Amma məlum oldu ki, Ərdoğan Ukraynaya getməyəcək.
İki versiya var. Ya N.Cəlalın dedikləri qeyri- dəqiq idi, yaxud fikirləri təhrif olunub. Ya da Türkiyə lideri fikrini dəyişib.
Bu barədə politoloq Samir Hümbətov Crossmedia.az-a açıqlama verib: “Türkiyə prezidentinin Ukraynaya səfərinə hər hansı bir əngəlin ola biləcəyini düşünmürəm. Təbii ki, bu, adi səfər deyil. Əgər bu səfər baş tutacaqdısa, arxasında ciddi səbəblər dayanmalıdır. Çünki Türkiyə kimi böyük bir dövlətin rəhbərinin Ukraynaya səfəri dünya birliyi tərəfindən diqqətlə izləniləcək qədər önəmli xəbərdir. Düşünürəm ki, səfər baş tutmayıbsa, bunun arxasındakı səbəb Türkiyə ilə Rusiyanın arasındakı münasibətlərin yaxşı olmamasından irəli gəlir. Ankara hazırda münasibətləri balanslı saxlamağa çalışır. Amma hər vəziyyətdə Türkiyənin belə bir səfəri ləğv etməsi böyük ehtimal ki, geosiyasi hadisələrlə bağlıdır. Bundan öncə də Ərdoğanın Ukraynaya səfəri olmuşdu. Bu, təzyiq mexanizmi də, geosiyasi jest də ola bilər. Əgər təxirə salınıbsa, gələcəkdə reallaşması mümkün haldır”.
Ayhan
13:40 07.08.2025
Oxunuş sayı: 923