Ukraynanın taleyini müəyyənləşdirəcək mühüm amil: Neft və neft məhsullarının qiyməti...

ABŞ Prezidenti Donald Tramp "CNBC News" telekanalına müsahibəsində deyib ki, dünya bazarında neftin qiymətinin 1 barel üçün əlavə 10 dollar ucuzlaşması Rusiya üçün ciddi iqtisadi təzyiq yaradacaq və bu, Ukraynadakı hərbi əməliyyatların dayandırılmasına səbəb ola bilər.
Ağ Ev rəhbərinin bu açıqlaması göstərir ki, ABŞ enerji bazarından siyasi təzyiq aləti kimi istifadə etməyə davam edir. Neft qiymətlərinin geosiyasi alətə çevrilməsi qlobal enerji bazarında yeni risklər yarada bilər.
Mövzu ilə bağlı iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Gündüz Camalzadə Crossmedia.az-a açıqlama verib.
O, enerji qiymətlərinin Rusiya üçün təkcə bazar göstəricisi deyil, həm də siyasi güc vasitəsi olduğunu bildirib: “Neft və neft məhsullarının qiymətləri əsasən təklif və tələbin ölkələrarası tarazlığına, geosiyasi risklərə, OPEC+ qərarlarına, ABŞ-ın strateji ehtiyatlarla bağlı siyasətinə və texnoloji yeniliklərə əsasən dəyişir. Son dövrlərdə Yaxın Şərqdəki gərginlik, ABŞ-Çin ticarət əlaqələrinin formalaşması və yaşıl enerjiyə keçid prosesləri də müvafiq məhsulların qiymətlərinə təsir edən mühüm faktorlar sırasındadır. 2025-ci ilin avqust ayına olan məlumata görə, Brent markalı neftin 1 bareli təxminən 68-70 ABŞ dolları civarındadır. Sözügedən məhsulun qiymətinin 10 ABŞ dolları ucuzlaşması, yəni 58 dollara düşməsi, neft ixracatçısı ölkələr üçün ciddi gəlir itkisi deməkdir. Rusiya dünyanın ən böyük neft ixracatçılarından biridir və dünya bazarında müvafiq məhsulun təxminən 12–15% ixrac payına sahibdir. 2024-cü il üzrə Rusiyanın gündəlik neft hasilatı təqribən 10 milyon barel olub, bunun təxminən 7 milyon bareli ixraca yönəlib. İxracda Çin 36%, Hindistan isə 33% paya sahibdir".
Onun sözlərinə görə, Avropa İttifaqının sanksiyalarından sonra Çin və Hindistan Rusiya neftinin əsas alıcılarıdır: "Amma bu ölkələr Rusiyadan nefti diskontlu qiymətlərlə (Brentdən 15–20 ABŞ dolları aşağı) alır. Bu isə Rusiya üçün faktiki gəlirlərin ciddi şəkildə azaldığı anlamına gəlir. 2024-cü ildə Rusiya ÜDM-i təxminən 1.9 trilyon ABŞ dolları həcmində qiymətləndirilmişdi. 2025-ci il üçün beynəlxalq proqnozlara görə bu rəqəmin 2.0–2.1 trilyon ABŞ dolları səviyyəsində olacağı gözlənilir. Neft və qaz sektoru Rusiyanın büdcə gəlirlərinin təqribən 40%-ni, xarici ticarət gəlirlərinin isə 50%-ni təşkil edir. ÜDM baxımından isə bu sektorun payı 15–17% aralığında dəyişir. Rusiya 2024-cü il dövlət büdcəsində hərbi xərclərə 110 milyard dollar ayırmışdı ki, bu da ümumi büdcə xərclərinin 30%-dən çoxunu, ÜDM-in isə təxminən 5.8%-ni təşkil edirdi. Həmin göstərici bir çox NATO ölkələrinin göstəricilərindən dəfələrlə yüksəkdir. Ukrayna ilə müharibənin birbaşa və dolayı xərcləri isə illik 150–180 milyard ABŞ dolları arasında qiymətləndirilir. Neft və neft məhsullarının qiymətinin 10 ABŞ dolları düşməsi ssenarisi baş tutarsa, Rusiya təxminən yarım il ərzində 35 milyard dollara qədər ixrac gəliri itirə bilər. Növbəti mərhələdə büdcə kəsiri daha da dərinləşər, milli valyutası olan rubl təzyiq altına düşər. Bu isə nəticə etibarilə hərbi xərclərin maliyyələşdirilməsində bir sıra çətinliklər yaradacağı qaçınılmazdır".
Müsahibiniz bildirib ki, Trampın fikirləri bu kontekstdə müəyyən məntiqə əsaslanır: "Əgər iqtisadiyyat hərbi əməliyyatların yükünü daşımaq iqtidarında olmazsa, Kreml daxili ictimai narazılıq və siyasi risklər fonunda daha rasionallaşdırılmış qərarlar verməyə məcbur qala bilər. Nəticədə bu, ya müharibənin aktiv fazalarının səngiməsi, ya da müəyyən güzəştlərə gedilməsi formasında özünü göstərə bilər. Rusiya kimi neft və neft məhsullarından asılılığı yüksək olan ölkələr üçün enerji qiymətləri sadəcə bazar göstəricisi deyil, həm də siyasi güc vasitəsidir. Amma bu gücün balans nöqtəsi var. Əgər neft və neft məhsullarının qiyməti 10 ABŞ dolları aşağı düşərsə, bu, təkcə büdcəyə zərbə deyil, həm də Ukraynada müharibənin taleyini dəyişdirə biləcək zəncirvari təsir yarada bilər”.
Nicat Rüstəmzadə
15:52 06.08.2025
Oxunuş sayı: 3959