Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı yaradılmış işçi qrupunun növbəti onlayn iclası keçirilib

Prezident İlham Əliyevin ötən il imzaladığı "Şirvan suvarma kanalının yenidən qurulması haqqında" sərəncamdan irəli gələn məsələlərin icrasını sürətləndirmək, tikinti-quraşdırma işlərinin təyin olunmuş qrafika uyğun yüksək keyfiyyətlə aparılmasını təmin etmək, eləcə də görülən işlərin aidiyyəti qurumlarla birgə əlaqələndirilməsi işini təşkil etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən (SİMDNX) bildirilib.
Məlumata görə işçi qrupun rəhbəri Rafiq Aslanov 1958-ci ildə istismara verilmiş, uzunluğu 122 kilometr olan Şirvan suvarma kanalının mövcud vəziyyəti və onun yenidən qurulmasının xüsusi əhəmiyyətindən danışıb. Bildirib ki, Şirvan suvarma kanalı yenidən qurulduqdan sonra ölkənin ən iri suvarma kanalı olacaq.
Qeyd edək ki, kanalın başlanğıcda sərfinin saniyədə 180 kubmetrə və uzunluğunun 204,3 kilometrə qədər artırılaraq (Mingəçevir-Hacıqabul gölü arası) müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi baş tutacaq. Nəticədə Şirvan zonasının Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının 228 min hektar torpaq sahəsini (onun 116 min hektarı yeni suvarılacaq torpaqlar) suvarma suyu ilə yaşayış məntəqələrinin içməli və məişət suyu ilə təminatının, torpaqların meliorativ vəziyyətinin, eləcə də Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması təmin olunacaq.
Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti və Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun mütəxəssisləri aparılan tikinti işlərinin gedişatı, ortaya çıxan problemlər və onların həlli istiqamətində çıxış edərək tikinti-quraşdırma işləri dayandırılmadan layihədə olan çatışmazlıqların aradan qaldırılması və ortaya çıxan əlavə işlərin sənədləşdirilməsi istiqamətində işlərin aparıldığını bildiriblər.
İclasda yerli və mərkəzi icra orqanlarının nümayəndələrinin, həmçinin layihənin podratçılarının təklifləri dinlənilib, nəzərə alınması üçün müvafiq göstərişlər verilib.
Səsləndirilən təkliflər nəzərə alınmaqla Şirvan suvarma kanalının yenidən qurulması çərçivəsində aparılan tikinti-quraşdırma işlərinin əvvəlcədən təyin olunmuş qrafikə uyğunlaşdırılaraq davam etdirilməsi, ortaya çıxan problemlərin və layihədə olan çatışmazlıqların sürətlə aradan qaldırılması, torpaqayırma ilə bağlı işlərin sürətləndirilməsi və mülkiyyətçilərin kompensasiyasının vaxtında ödənilməsi ilə bağlı qısa müddətdə tədbirlərin görülməsi qərara alınıb.
18:09 05.08.2025
Oxunuş sayı: 738