Cənubi Kiprdə İsrail qalmaqalı: Deputatlar sərt ittihamlarla üzləşdi
Cənubi Kiprdə İsrailə dəstək verən beynəlxalq təşkilatın yerli bölməsinin yaradılması siyasi qalmaqala səbəb olub. Müxalifət deputatları parlamentin İsrailin maraqlarına xidmət edən lobbi platformasına çevrilməsində ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Cyprus Mail” qəzeti məlumat yayıb.
Bildirilib ki, İsrail Müttəfiqləri Fondunun (Israel Allies Foundation) Cənubi Kiprdə yerli bölməsinin yaradılması siyasi partiyalar arasında ciddi fikir ayrılığı yaradıb.
Mərkəz-sağçı DISY, mərkəzçi DIKO və millətçi ELAM partiyalarından olan altı deputat həftənin əvvəlində təşkilatın yerli bölməsinin yaradıldığını elan edib. Həmin partiyalar iki həftə əvvəl İsrailin Transatlantik Dostları şəbəkəsinin də yerli bölməsini təsis ediblər.
Əsas müxalifət qüvvəsi olan solçu AKEL partiyası bu təşəbbüsləri parlament tarixində görünməmiş və son dərəcə təxribatçı addım kimi qiymətləndirib.
Partiyanın açıqlamasında deputatların parlamenti İsrailin maraqlarını müdafiə edən lobbiçilik platformasına çevirdiyi iddia olunub.
AKEL həmçinin İsrailin Fələstin ərazilərində davam edən işğal və məskunlaşdırma siyasətinə diqqət çəkib. Partiya BMT-nin Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının 2025-ci ilin sentyabrında Qəzzada soyqırımı törədildiyinə dair gəldiyi nəticəni xatırladıb.
Müxalifət İsrailin bəzi ənənəvi Qərb müttəfiqlərinin də İsrail rəsmilərinə qarşı sanksiyalar tətbiq etdiyini və qanunsuz yaşayış məntəqələri ilə bağlı məhdudlaşdırıcı tədbirlər gördüyünü vurğulayıb.
AKEL Cənubi Kipr rəhbərliyini də tənqid edib. Partiya Prezident Nikos Xristodulidisin təşkilat rəhbərliyini qəbul etməsinə və hökumət nazirlərinin açılış tədbirində iştirakına etirazını bildirib.
Məsələ Cənubi Kiprdə İsraillə siyasi əməkdaşlığın sərhədləri və parlament üzvlərinin beynəlxalq lobbiçilik təşkilatlarında iştirakı ilə bağlı mübahisələri gücləndirib.
17:42 16.10.2026
Oxunuş sayı: 50