Ərdoğan müharibədən sonra ilk dəfə Ukraynaya gedir: Trampı qabaqlamaq istəyir, yoxsa?..

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri ilk dəfə olaraq Ukraynaya səfərə hazırlaşır. Bu barədə Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlal açıqlama verib. Onun sözlərinə görə, səfərin təşkili üzərində intensiv iş aparılır və əsas müzakirə mövzusunun azad ticarət sazişinin ratifikasiyası olacağı gözlənilir. Son zamanlar Rusiya- Ukrayna müharibəsi ilə ciddi dinamika müşahidə olunur. ABŞ bütün imkanları ilə tərəfləri bir araya gətirməyə çalışır. Belə bir vaxtda Türkiyədən də vasitəçiliklə bağlı müntəzəm bəyanatlar verilir. Ankara proseslərin episentrində olmaq iddiasındadır. Türkiyə Prezidentinin müharibə başlayandan sonra Ukraynaya ilk səfəri isə bu ehtimalları daha da gücləndirir. Maraqlıdır, "pərdəarxasında" nə baş verir?- Ərdoğan Trampı qabaqlamaq istəyir, yoxsa liderlər sadəcə "paslaşırlar"?
Bu barədə Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bu səfərin siyasi və iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib: " Ərdoğanın Ukraynaya səfəri tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Əgər tərəflər azad ticarət sazişini ratifikasiya edərlərsə, bu, Türkiyənin Ukraynanın böyük bir hissəsinə iqtisadi dəstəyi baxımından mühüm rol oynayacaq. Eyni zamanda, bu proses Ukraynanın inkişafına da stimul verəcək və nəticə etibarilə Türkiyə öz regional mövqeyini daha da gücləndirmiş olacaq.”
Ekspertin sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsi kontekstində dəfələrlə təəssüf hissini ifadə edib və münaqişənin həlli istiqamətində mühüm diplomatik addımlar atıb: "Xüsusilə İstanbulda keçirilən danışıqlarda vasitəçi kimi çıxış edən Ankara bu prosesdə əhəmiyyətli rol oynayıb. Həmçinin Qara dənizdə təhlükəsizliyin təmin olunmasında Türkiyə müstəsna rol oynayır və Ukraynanın hərbi-texniki sahəsinin inkişafına dəstək göstərir. Bu səfər, eyni zamanda, regional təhlükəsizliyin gücləndirilməsi, eləcə də Rusiya və Ukrayna arasında mümkün növbəti danışıqların təşkili baxımından da strateji əhəmiyyət daşıyır. Səfər çərçivəsində bir sıra mühüm detallarla bağlı müzakirələrin aparılması da istisna deyil. Ümumilikdə Türkiyə-Ukrayna əlaqələri hazırda yüksək səviyyədədir və gözlənilən bu səfər hər iki ölkənin strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirəcək".
Mehriban Yariyeva
13:59 05.08.2025
Oxunuş sayı: 817