Mühüm qərar dəyişikliyi: Rusiya NATO ilə müharibəyə başlayır?

Son aylarda Rusiyanın qəbul etdiyi yeni səfərbərlik qanunu beynəlxalq aləmdə ciddi narahatlıqla qarşılanıb. Qanun layihəsinin əsas müddəaları Moskvanın sadəcə Ukrayna ilə müharibəni uzatmaq niyyətindən daha geniş geosiyasi məqsədlərə sahib olduğunu göstərir. Bir çox beynəlxalq müşahidəçilər bu qanunun Kreml rəhbərliyinin mümkün NATO ilə silahlı toqquşmaya hazırlaşdığına dair siqnal olduğunu vurğulayır. Hazırkı mərhələdə Qərb və Rusiya arasında gərgin münasibətlərin hərbi müstəviyə keçmək ehtimalı mübahisə doğursa da, Rusiya daxilində ordunun hərbi-logistik imkanlarının genişləndirilməsi, əhali üzərində nəzarətin gücləndirilməsi və səfərbərlik sisteminin çevikləşdirilməsi Kremlin gələcək ssenarilərə qarşı hazırlıq apardığını göstərir. Bəs Rusiya gerçəkdən NATO ilə açıq müharibəyə hazır vəziyyətdədir? Bu qanun Kremlin real niyyətlərini ortaya qoyurmu, yoxsa bu, daha çox psixoloji və siyasi təzyiq vasitəsidir?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Crossmedia.az-a açıqlama verib:
“Rusiyada həyata keçirilən səfərbərlik Ukrayna savaşında olduqca ciddi itkilər verən Rusiya şəxsi heyətdəki itkiləri kompensasiya etmək üçün çağırışcılara ehtiyac duyduğu zərurətindəndir. Digər məsələ ondan ibarətdir ki, Rusiya ordusunu hazır döyüş qabiliyyətində saxlamaqla özünün siyasi maraqlarını təmin etməyə çalışır. NATO ilə toqquşma məsələsi isə inandırıcı deyil. Hansısa ölkəyə qarşı işğalçılıq cəhdləri ola bilər, amma Alyansla bbirbaşa toqquşma Rusiyanın maraqlarına qəti uyğun deyil. Həm də bütünlüklə savaşmaq Kremlin maraqları xaricindədir. 3 il yarımdır NATO-nun üzvü olmayan Ukraynanı işğal edə bilməyən Rusiyanın NATO-ya cəbhə açması və savaşması imkansızdır. Bu Rusiya üçün çox ağır nəticələrə gətirə bilər”.
Ayhan
12:49 31.07.2025
Oxunuş sayı: 1520