ABŞ- Rusiya müharibəsi başlayır?: Peskov bir söz dedi, Medvedev başqa söz...

ABŞ Prezidenti Donald Tramp Aberdindən
Vaşinqtona gedərkən öz təyyarəsində jurnalistlərə açıqlamasında Rusiyaya on gün
vaxt verdiyini bildirib.
Qeyd olunub ki, Vaşinqton administrasiyası
Rusiya ilə Ukraynadakı münaqişənin nizamlanmasına dair 10 gün ərzində razılığa
gəlmək istəyir, əks halda idxal rüsumları tətbiq edəcək.
“10 gün sonra biz tariflər və başqa şeylər
tətbiq edəcəyik. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm. Bu, Rusiyaya
təsir edə bilər və ya təsir etməyə bilər. Amma təsir də edə bilər”, - deyə o
vurğulayıb.
Trampın sözlərinə görə, Rusiya tərəfi
müharibəni davam etdirmək istəyir.
Tramp hakimiyyətinin ikinci dövrünün ilk vaxtlarında Rusiyaya qarşı münasibət inanılmaz dərəcədə loyal idi. Bu, bir çoxlarını təəccübləndirməklə yanaşı, həm də ABŞ- Avropa münasibətlərinin pisləşməsi ilə nəticələndi. Sonradan isə Vaşinqton- Moskva münasibətlərində tədricən gərginlik müşahidə olunmağa başlandı. Rusiyalı həmkarı ilə son telefon danışığından Ağ Ev rəhbəri demişdi ki, Putin müharibəni sona qədər davam etdirməklə israrlıdır. Bundan sonra Trampın ritorikası 180 dərəcə dəyişdi, Rusiya sanksiyalarla hədələndi. Indi isə on gün vaxt verilib. Maraqlıdır, Tramp, həqiqətənmi, savaşın təxminən bir həftəyə bitəcəyinə ümid edir?
Bu barədə Crossmedia.az-a danışan türkiyəli
hüquqşünas, politoloq Ferhat Aznevi söyləyib ki, Tramp daha əvvəl Rusiyaya 50
gün vaxt vermişdi: "Trampın “son tarixlərinə” ABŞ-nin məşhur media orqanları, o
cümlədən CNN, “Bloomberg”, “Atlantic Councal” kimi nəşrlər bu ultimatumlara çox
da ciddi yanaşmadılar. Kremlin sözçüsü Dmitri Peskov bildirdi ki, müharibə
davam edəcək. Onun sözlərinə görə, Rusiya öz maraqları daxilində sülhə
hazırdır. Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini, keçmiş prezident
Dmitri Medvedev isə daha radikal münasibət bildirərək qeyd etdi ki, bu
bəyanatlar ABŞ ilə Rusiya arasında birbaşa müharibəyə səbəb ola bilər.
Medvedevin səsləndirdiyi fikirlər əslində dolayı diplomatik cavab idi. Rusiya
KİV-nin iddialarına görə, Vaşinqtonla Mokskva arasında gərginlik arta bilər. Fikrimcə,on
günün sonunda ciddi, xüsusi bir gərginlik olmayacaq, amma ABŞ Rusiyaya iqtisadi
məhdudiyyətlər tətbiq edə bilər. Çox güman, Moskva İstanbul danışıqlarında olduğu
kimi indi də düşünür ki, hərbi sahədə üstünlüyə malik olduğuna görə, atəşkəsə
getmək Ukraynanın lehinə olar. Ona görə də bu məsələyə isti yanaşmır”.
Kənan Novruzov
14:25 30.07.2025
Oxunuş sayı: 2091