"Rusiyanın hazırda Ukrayna bataqlığında qalması Azərbaycanın maraqlarına cavab verir" - Ekspert

İllərdir davam edən Rusiya-Ukrayna müharibəsinin bitməsi artıq sadəcə Rusiya və Ukraynanı deyil, bütün dövlətləri maraqlandırır. Bu müharibənin bitməsi üçün bir sıra dövlətlər öz vasitəçilik təkliflərini irəli sürdülər. Təklif verən dövlətlər arasında Türkiyə və Azərbaycan da var. Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlamasında qeyd edib ki, Rusiya ilə Ukrayna arasında müzakirə masası İstanbulda qurulduğu kimi, uzaq olmayan tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, qanlı müharibəyə son qoyulacaq.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlama verib:
“Düşünürəm ki, hazırda danışıqlar masası kimi Türkiyə fəaliyyətinə davam edəcək. Azərbaycan da vasitəçi ola bilərdi. Amma son hadisələrdən sonra inanmıram ki, Rusiya Azərbaycanı masa olaraq qəbul etsin. Xankəndidə III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalistlər də gəlmişdi. Prezident İlham Əliyev onlara tövsiyyə etdi ki, işğalla barışmasınlar. Bütün bunlardan sonra düşünmürəm ki, Rusiya bu danışıqların Azərbaycanda aparılmasına razılıq versin. Düzdür, bu, ölkəmiz üçün yaxşı olardı. Amma Azərbaycan hələ Zəngəzur məsələsini həll etməlidir. Rusiyanın hazırda Ukrayna bataqlığında qalması Azərbaycanın maraqlarına cavab verir, nəinki atəşkəsin olması. Fikrimcə, atəşkəs Bakının maraqlarına o qədər də uyğun deyil. Bu, geosiyasətdir, dövlət maraqlarıdır. Rusiya bu bataqlığa batmasa idi,düşünürəm ki, Azərbaycan anti-terror əməliyyatlarını keçirə bilməzdi”.
Ayhan
15:43 29.07.2025
Oxunuş sayı: 1140