Ərdoğan uyğun zamanı gözləyir: Putinlə Zelenskini görüşdürəcək və...

Türkiyə bölgədə sülhün əsas təminatçılarından biridir. Məhz bu konteksdə illərdir davam edən Rusiya-Ukrayna müharibəsində dəfələrlə vasitəçilik təkliflərini irəli sürmüş, bir sıra mühüm məsələlərin həll olunmasında mühüm rol oynamışdır. Həmçinin vasitəçiliyini də davam etdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putinlə danışa biləcəyini deyib. Bu danışıqlar Rusiya-Ukrayna müharibəsinin bitməsinəmi fokuslanıb? Türkiyənin vasitəçiliyi ABŞ prezidenti Donald Trampın bacarmadığı sülhü bərqərar edəcəkmi?
Mövzu ilə bağlı Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Crossmedia.az-a açıqlama verib:
“Türkiyənin sülhsevər missiyası indiyədək bir çox ərazilərdə sabitlik və əmin-amanlıq yaradıb. Rusiya-Ukrayna müharibəsini bitirmək üçün dəfələrlə təşəbbüs göstərib, tərəfləri görüşdürüb. Hətta müəyyən nailiyyətlər də qazanıb. Xüsusilə, taxıl dəhlizinin yaradılması, əsir və meyitlərin dəyişdirilməsi kimi ciddi qərarlar icra olunub. Türkiyənin malik olduğu nüfuz imkan verir ki, ABŞ və Rusiya prezidentlərinin görüşünün təşkil edilməsinə və Ukrayna cəbhəsində müharibənin dayandırılmasına təşəbbüs göstərsin. Lakin təşəbbüsdən başqa tərəflərin əzmi və iradəsi də olmalıdır ki, müharibəni dayandırmaq haqqında qərar qəbul etsinlər. Çünki vasitəçi ya özünün malik olduğu gücdən istifadə edərək tərəflərə təsir göstərməlidir, ya da onları inandırmağı bacarmalı, ortaq mövqe tapılmasına nail olmalıdır".
O bildirib ki, Ankaranın bu missiyada yalnız ikinci varianta istinad etməsi mümkündür: "Prezidentlərin görüşü bu istiqamətdə əhəmiyyətli addım olardı. Lakin unutmamalıyıq ki, bu müharibənin davam etməsini istəyən qüvvələr də çoxdur. Bunlar da gorüşün baş tutmasına əngəl yaratmaq üçün nə mümkündürsə edəcəklər. Ona görə də Türkiyə prezidentlərin görüşməsi ilə bağlı təşəbbüsünü davamlı şəkildə gündəmdə saxlamalıdır. Zamanı yetişən kimi bu gorüşün baş tutacaq və kimsə ondan uğurlu nəticələr çıxmasının qarşısını ala bilməyəcək”.
Ayhan
14:29 26.07.2025
Oxunuş sayı: 1152