Almaniyada təhsil böhranı: Alman dili bilməyən şagirdlərə məhdudiyyət tətbiq oluna bilər

Almaniyanın Təhsil naziri Karin Prien ölkədə Alman dili bilmədən təhsil sisteminə daxil olan uşaqların sayının sürətlə artdığını bildirib və bu problemin qarşısını almaq üçün müəyyən məhdudiyyətlərin tətbiq edilə biləcəyini qeyd edib.
Crossmedia.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Prien göçmə mənşəli şagirdlər üçün məktəblərdə kvota tətbiq olunması ehtimalını açıq saxlayaraq, əsas məsələnin uşaqların məktəbə başladıqda Alman dilini bilmələri olduğunu vurğulayıb. O, Danimarka modelinə istinad edərək bu yanaşmanın məktəblər üçün “mümkün model” ola biləcəyini bildirib.
Nazir, “İstər 30 faiz, istər 40 faiz olsun, digər ölkələrin təcrübələrinə baxmaq həmişə məntiqlidir. Əsas olan, uşaqların məktəbə başladıqları zaman Alman dilində danışa bilmələridir”, – deyə qeyd edib.
Karin Prien həmçinin Almaniyanın yerli ailələrində belə dil və inkişaf problemlərinin artdığını, bunun valideynlərin davranışındakı dəyişikliklərlə əlaqəli olduğunu bildirib. O, uşaqların artıq ayaqqabı bağlama, velosiped sürmə və ya üzgüçülük kimi əsas bacarıqlara belə sahib olmadığını deyərək bu istiqamətdə tədbirlərə çağırıb. Hazırda hakim koalisiya, 4 yaşlı uşaqlar üçün ölkə üzrə məcburi dil və inkişaf testlərinin tətbiqini dəstəkləyir.
Təklifə ilk sərt reaksiya Almaniya hökumətinin miqrasiya və inteqrasiya məsələləri üzrə komissarı, Sosial Demokrat Partiyasının (SPD) üzvü Natali Pavlikdən gəlib. O, siniflərdə kvota tətbiqini rədd edərək bildirib: “Almaniyanın siniflərdə kvotaya ehtiyacı yoxdur”. Pavlik bunun təhsil sistemindəki uyğunsuzluğu aradan qaldırmayacağını, amma bütün uşaqların Alman dili bilməsinin vacib olduğunu vurğulayıb.
SPD-nin təhsil üzrə sözçüsü Yasmin Hostert isə daha sərt mövqe sərgiləyərək deyib: “Kvota və ya oxşar modelləri qətiyyətlə rədd edirəm. Yaxşı təhsil və inklüzivlik yalnız hədəfə yönəlmiş dəstəklə mümkündür, istisna və ayrımcılıqla yox”. O, ana məktəblərinin gücləndirilməsinə çağırıb.
Alman Müəllimlər Birliyinin rəhbəri Stefan Duhl isə bu fikri “məntiqli və ideal” adlandırsa da, tətbiqi zamanı yarana biləcək problemlərə diqqət çəkib. Duhl qeyd edib ki, bir sinifdə ana dili Alman dili olmayan və ya dili zəif bilən uşaqların sayı 90 faizə çatarsa, modelləşdirilmiş təhsil prosesi çətinləşir və uşaqlar sinifdən kənarda Alman dilini istifadə etməyə meylli olmurlar: “Məktəb həyətində hələ də ana dillərində danışırlar”.
Mədinə Cəlilova
22:00 08.07.2025
Oxunuş sayı: 823