Magistratura təhsili elmə gedən yolun mühüm hissəsidir - AÇIQLAMA

Magistr təhsili ixtisaslaşmış bilik və peşəkar bacarıqların inkişafına yönəlmiş ali təhsil səviyyəsidir. Bu təhsil sistemi tələbələrə öz sahələrində daha dərin araşdırmalar aparmaq, akademik və praktiki biliklərini genişləndirmək imkanları yaradır. Cəmiyyətin intellektual və peşəkar potensialını artırmaq məqsədilə magistr təhsili, elmi araşdırmaların və innovativ düşüncənin inkişafını təşviq edir. Müasir dünyada sürətlə dəyişən iqtisadi, texnoloji şərtlər fonunda magistr təhsili, rəqabət üstünlüyü və kariyera yüksəlişinə zəmin yaradan mühüm faktorlardan biri hesab edilir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən təhsil eksperti, BDU-nun dosenti Rəşad Qardaşov ilk olaraq bildirib ki, magistratura pilləsində təhsil almaq üçün yaradılan şərait hamı üçün əlçatan və əlverişli vəziyyətdədir:
“Hər bir bakalavr məntiq, informatika və xarici dildən imtahan verib lazımi keçid balını toplayaraq müsahibədə iştirak edə bilər. Bunun üçün hər bakalavrın 2 cəhdi vardır. DİM tərəfindən bu proses düzgün təşkil olunub və qənaətbəxşdir. Üstünlükləri ondan ibarətdir ki, ortalama balı aşağı olanlar bu imtahanda iştirak edə bilirlər. Hamı üçün bərabər şərait yaradılıb. Magistratura pilləsində təhsil almağa istəyən şəxslər üçün DİM tərəfindən vəsaitlər, vaxtaşırı sınaq imtahanları da keçirilir. Bütün bunlar çox təqdirəlayiqdir. Hətta öz ixtisasını dəyişib, texniki və iqtisadi yönümdə təhsil almaq imkanı da bakalavrlara təqdim olunur. Lakin bəzən olur ki, məsələlərə fərdi yanaşmaq tələb olunur. Məsələn, keçib balı 50 bal olan ixtisaslarda iştirak edən bakalavr 1-2 balla kənarda qalır və dövlət tərəfindən sifariş olunan plan yerləri boş qalır. Buna görə də, müsabiqə bitdikdən sonra boş qalan yerlərə təkrar ərizə qəbulu elan etmək və xüsusi hallarda bəzi güzəştlər də etmək olar”.
Ekspert vurğulayıb ki, ümumilikdə magistratura pilləsində təhsil almaq bir çox bakalavrın arzusu və istəyidir:
“Onlar təhsillərini davam etdirmək, gələcəkdə doktorantura pilləsində təhsil almaq istəyirlər. Təbii ki, magistratura qəbulunun müəyyən kriteriyaları var və bakalavrlar bu kriteriyalara cavab verməlidirlər. İmtahanın keçirilməsi və təşkil olunması hər kəs üçün əlçatandır. Lakin burada xüsusi diqqət yetirilməli olan mühüm bir məsələ var. Tutaq ki, keçid balı 50-dir, lakin namizəd bütün fənn bloklarından uğurla keçsə də, cəmi bir-iki bal əskik toplayaraq kənarda qalıb. Sonrakı qəbul planları açıqlandıqda məlum olur ki, fakültələrdə boş plan yerləri qalıb. Məsələn, hər kafedrada 1 boş yer qalır, ümumi hər hansı bir fakültə üzrə dörd-beş magistrant yerinin boş qalması deməkdir. Tendensiya göstərir ki, bəzi illərdə fakültədə 12-13 magistrant olur, digər illərdə isə bu rəqəm 8-9-a düşür. Yəni, qəbul planında bəzi yerlər boş qalır və müəyyən kriteriyalara tam cavab verməyən tələbələr qəbul oluna bilmir. Bu isə o demək deyil ki, həmin tələblərə uyğun gəlməyən hər kəs avtomatik qəbul edilməlidir. Lakin elə hallar ola bilər ki, namizədin cəmi bir-iki balı çatmır və boş qalan yerlər mövcuddur. Təkrar qəbul yerləri üçün ərizələr qəbul edilərək akademik bacarığı və peşə biliyi yüksək olan tələbələr fərqləndirilə bilər. Çünki onun arzusu orada təhsil almaqdır. Tələbənin təhsilə həvəsi, akademik göstəriciləri, xarakteristikası, konfranslardakı çıxışları və aktivliyi nəzərə alınmalıdır. Burada sual yaranır: “Əgər tələbə hazırlıqlı və istəkli idisə, niyə 50 bal toplaya bilməyib?” Ola bilər ki, informatika bilikləri zəifdir, yaxud imtahan stresindən çətinlik çəkib. Belə hallar fərdi yanaşma tələb edir”
Magistratura təhsili elmə gedən yolun mühüm bir hissəsidir:
“Hazırkı reallıqda elmə gedən yol magistratura pilləsindən keçməlidir ki, tələbə doktorantura mərhələsində rahat şəkildə inkişaf edə bilsin. Beynəlxalq təcrübə tətbiq olunmalı, hər bir magistranta tezis və məqalələrin çapı şərt kimi öhdəsinə qoyulmalıdır. Magistratura tələbəsi başa düşməlidir ki, yalnız 2 il dərsə gedib-gəlməklə kifayətlənməməli, bu il ərzində fakt və nəticə ortaya qoymalıdır. Hal-hazırda hər universitetdə magistr dissertasiyalarının plagiatdan keçirilməsinə ciddi nəzarət edirlər. Həmçinin, elmi məqalələrin nüfuzlu jurnallarda çap olunması tələb olunur. Bu, çox düzgün addımdır. Magistratura pilləsində təhsilin artırılması prosesində pedaqoji praktika ilə yanaşı, təcrübi praktikaya da böyük önəm verilməlidir. Elə ixtisaslar var ki, dərslər yalnız auditoriyada yox, konkret təcrübi bazalarda keçirilməlidir. Lakin elə sahələr var ki, həmin sahədə təhsil alan magistrantlar dərsləri mütləq praktiki əhəmiyyət daşıyan yerlərdə keçməlidirlər. Məsələn, kimya və fizika fakültəsində təhsil alan magistrantlar istehsalatda praktiki təcrübə keçməli, hüquq fakültəsində təhsil alanlar isə məhkəmələrdə, prokurorluq sistemində praktiki dərslər almalıdırlar. Təcrübəyə yönəlik addımlar atılsa, magistratura pilləsinin təhsil alan tələbələrin səviyyəsi daha üstün səviyyəyə gələcəkdir.
Ümumilikdə magistratura pilləsində sağlam və məqsədyönlü inkişaf dinamikası müşahidə olunur. Dövlət İmtahan Mərkəzi bu prosesin təşkilində mühüm rol oynayır. Magistraturaya qəbul üçün ildə iki dəfə cəhd verilir ki, tələbələr bir imtahanda uğur qazanmadıqda, növbəti imtahanda öz nəticələrini yaxşılaşdıra bilsinlər. Magistrantlar sadəcə, 3-4 ay ərzində hər üç fənn blokundan hazırlaşıb lazımi kvotanı toplamaq ixtiyarındadırlar”,- deyə R.Qardaşov fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
16:00 04.06.2025
Oxunuş sayı: 1657