MEK-də istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim olunub


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tələbələrin istehsalat təcrübəsinin başa çatması münasibətilə görüş keçirilib.
Bu barədə Crossmedia.az-a MEK-dən bildirilib.
MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, təxminən üç ay müddətində Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universitetinin IV kursunda təhsil alan 51 tələbə MEK-in müxtəlif şöbələrində təcrübə keçərək ixtisaslarına uyğun sahələrdə bilik və bacarıqlarını təkmilləşdirməklə yanaşı, biblioqrafik sorğuların cavablandırılması, elektron kataloqa ədəbiyyat nümunələrinin daxil edilməsi və digər kitabxana işinin incəliklərini öyrənmək imkanı əldə ediblər.
Direktor, həmçinin qeyd edib ki, bu il təcrübə proqramında iştirak edən tələbələr MEK-də ilk dəfə həyata keçirilən “İnklüziv xidmət” layihəsinə qoşularaq fonddakı seçilmiş kitabları səsləndiriblər.
MEK rəhbəri onların bu müddət ərzində keçdikləri istehsalat təcrübələrini təqdirəlayiq hesab edib, gələcək işlərində uğurlar arzulayıb.
Görüş zamanı tələbələr də kitabxana mühitini olduqca bəyəndiklərini, maraqlı və yaradıcı kollektivdə işləməkdən zövq aldıqlarını vurğulayıblar.
Daha sonra MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev təcrübəçilərin qrup rəhbəri olaraq tələbələrdən məmnun qaldığını, onların kitabxana işində aktiv iştirak etdiklərini, elektron kitabxananın yaradılmasında yaxından kömək göstərdiklərini qeyd edərək hər birinə təşəkkürünü bildirib.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri, dosent Sevda Xələfova da öz növbəsində burada əldə olunan təcrübədən gələcəkdə faydalanacaqların bildirib, yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.
Sonda aktivliyi ilə seçilən bir qrup tələbəyə MEK tərəfindən sertifikatlar təqdim olunub.
16:08 22.05.2025
Oxunuş sayı: 689