Əbdürrəhim bəy Haqverdiyevin 155 illik yubileyinə həsr olunmuş tədbir keçirilib




AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 155 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Crossmedia.az Əlyazmalar İnstitutuna istinadən xəbər verir ki, tədbiri giriş nitqi ilə açan institutun direktoru akademik Teymur Kərimli çıxışında öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı olan Əbdürrəhim bəy Haqverdiyevin çoxşaxəli fəaliyyətindən, onun humanist ruhlu yaradıcılığından söz açıb.
Bildirib ki, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamış ədib zəngin hekayələri ilə nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Əbdürrəhim bəyin ədəbi irsinin bu gün də tədqiqatçıların hədəfində olduğunu vurğulayan alim bu böyük dramaturqun məhz dünya səviyyəli bir şəxsiyyət kimi UNESCO-nun diqqət mərkəzində olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış üçün söz məruzəçilərə verilib.
İnstitutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Nailə Səmədova, həmin şöbənin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Afaq Əliyeva və böyük elmi işçisi Aytən İmanova mövzuya uyğun məruzələrlə çıxış edərək Əbdürrəhim bəy Haqverdiyevin arxivi, onun gizli imzaları və nəşr olunmamış əlyazmaları haqqında geniş məlumat veriblər. Sənətkarın dramaturji irsinin ölkəmizdə teatr mədəniyyətinin yüksəlişində böyük rol oynadığını qeyd edən məruzəçilər ədibin klassik realist dramaturgiyamızı dоlğun məzmunlu dram və nəsr əsərləri ilə zənginləşdirdiyini diqqətə çatdırıblar. Bildiriblər ki, Haqvеrdiyеvin bir klassik kimi işıqlı xatirəsi xalqımız üçün həmişə əziz qalacaq.
Sonda institutun Ekspozisiya zalında Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin Əbdürrəhim bəy Haqverdiyevin 155 illik yubileyi münasibətilə hazırladığı sərgi nümayiş olunub.
Tədbir iştirakçılarının xatirə fotosu çəkilib.
21:09 20.05.2025
Oxunuş sayı: 460