Sülhün səssiz komandiri: Türkiyənin görünməyən diplomatik savaşları

Sülh, yalnız silahların susması deyil, eyni zamanda diplomatik cəsarətin səhnəyə çıxmasıdır. Bir çoxlarının münaqişəyə tamaşa etdiyi anda, Türkiyə bölgələr arasında sükutu pozan və dialoqun dilini danışan nadir aktorlardan biri kimi çıxış edir. Haqqında az danışılan, amma tarixə düşən bu səylər təkcə region üçün deyil, bütün dünya üçün dayanıqlı gələcək xəritəsi çəkir. Bəzən Qara Dəniz taxıl koridorunda, bəzən də Somali küçələrində görünən bu "səssiz komandir", indi sülhə ən çox ehtiyac duyulan masalarda baş roldadır.
Trend BİA-nın baş direktorunun müavini, siyasi şərhçi Rufiz Hafizoğlu məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iqtidara gəlməsindən sonra müxtəlif dövrlərdə ümumilikdə 11 beynəlxalq problemin həlli istiqamətində vasitəçilik missiyası həyata keçirib:
"Bu missiyalardan bəzilərində Ankara birbaşa vasitəçi, digərlərində isə qismən və ya dolayı yolla vasitəçi kimi çıxış edib.
Belə vasitəçilik missiyaları arasında ən önəmlilərindən biri 2010-cu ildə Avropa İttifaqı ilə İran arasında nüvə proqramı ilə bağlı aparılan danışıqlarda Türkiyənin rolu idi. Həmin prosesdə Türkiyə əsas təşəbbüskar ölkə kimi çıxış edib. Braziliya isə ikinci vasitəçi rolunda iştirak edib. Plan ondan ibarət idi ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsi Türkiyəyə ötürülsün və qarşılığında İran nüvə yanacağı əldə etsin. Bu, son dərəcə vacib diplomatik təşəbbüs idi və əgər uğurla nəticələnsəydi, bu gün İranın nüvə proqramı ətrafında yaranan gərginlik bu həddə çatmazdı”, – deyə Hafizoğlu bildirib.
O qeyd edib ki, həmin dövrdə Avropa İttifaqı və digər dövlətlər İran əleyhinə sanksiyalar tətbiq etsə də, Türkiyə bu sanksiyalara qoşulmayıb: “Buna səbəb təkcə yaxşı qonşuluq prinsipləri deyil, həm də iqtisadi və enerji maraqları idi. Lakin bu mövqeyi ilə Türkiyə bölgədə sabitliyin qorunmasına töhfə verib”.
Siyasi şərhçi həmçinin vurğulayıb ki, Türkiyənin uğurlu vasitəçilik təşəbbüslərindən biri də 2022–2023-cü illərdə Ukrayna-Rusiya müharibəsi fonunda İstanbulda keçirilən danışıqlar və Qara Dəniz taxıl sazişidir:
“Bu, Türkiyənin ən uğurlu diplomatik missiyalarından biri hesab oluna bilər. Ankara həm BMT ilə, həm də öz diplomatik kanalları vasitəsilə bu prosesin əsas təşəbbüskarlarından biri oldu. Danışıqlar sayəsində milyonlarla ton taxıl Ukrayna limanlarından çıxarılaraq dünya bazarına çatdırıldı”.
Rufiz Hafizoğlunun sözlərinə görə, Türkiyənin vasitəçilik fəaliyyəti İsrail-Fələstin münaqişəsində də özünü göstərib:
“Ankara bu məsələdə heç zaman bir tərəf olmayıb. Türkiyə bütün fələstinli fraksiyalar istər sağçı, istər solçu qüvvələr, istərsə də hökumət təmsilçiləri ilə dialoq qurmağa çalışıb. Qəzzaya humanitar yardımın çatdırılması və atəşkəsin əldə olunması istiqamətində mühüm addımlar atıb. İsrailin Türkiyəni birtərəfli yanaşmada ittiham etməsi isə tamamilə əsassızdır”.
O əlavə edib ki, Suriyadakı münaqişənin həlli istiqamətində 2017-ci ildən başlayan və Türkiyənin təşəbbüskarlarından biri olduğu Astana prosesi də bu ölkənin vasitəçi rolunun göstəricilərindəndir:
“Rusiya, İran və Türkiyənin təşkilatçılığı ilə keçirilən Astana danışıqları həm Suriya müxalifətinin, həm də rəsmi Dəməşqin iştirakı ilə baş tuturdu. Təəssüf ki, İran və xüsusilə Rusiyanın sonradan bu prosesə yanaşması nəticəsində danışıqlar nəticəsiz qaldı”.
Şərhçi həmçinin Somalidəki vəziyyəti də xatırladıb:
“Bir çox ölkələrin Somaliyə yalnız terror məkanı kimi baxmasına baxmayaraq, Türkiyə burada əksinə, sabitləşdirici güc kimi çıxış edib. Humanitar yardım, infrastrukturun bərpası, hərbi dəstək və daxili qüvvələr arasında dialoqun qurulması sahəsində Ankara önəmli rol oynayıb. Əgər bu gün Somali müəyyən qədər dövlət strukturlarına malikdirsə, bu, böyük ölçüdə Türkiyənin sayəsində mümkün olub”.
Siyasi şərhçi Rufiz Hafizoğlunun, sözlərinə görə, Türkiyənin vasitəçilik missiyasına toxunduqda, ilk növbədə Liviya münaqişəsini qeyd etmək lazımdır: " Türkiyə Milli Razılıq Hökumətini dəstəkləməklə yanaşı, müxalif tərəflərlə də dialoqun qurulmasında çox önəmli rol oynayıb. Bu prosesdə fərqli qüvvələrin iştirakı, eləcə də radikal islamçı qrupların və Qərbin maraqlarının toqquşması, münaqişənin dərinləşməsinə səbəb olsa da, ümumilikdə Türkiyənin bu istiqamətdəki missiyası qismən də olsa tamamlanmış hesab oluna bilər".
O 2017-ci ildə baş verən Körfəz böhranına da toxunub. Bildirib ki, həmin il Körfəz ölkələri ilə Qətər arasında ciddi diplomatik gərginlik və blokada yaranmışdı: "Bu çərçivədə Azərbaycan da Qətərə humanitar yardım göstərmişdi. Bu yardımlar, Azərbaycan və Qətər liderləri arasında mövcud olan sıx dostluq və qardaşlıq münasibətlərinin təzahürü idi. Türkiyə də həmin dövrdə Qətəri dəstəkləməklə yanaşı, böhranın danışıqlar yolu ilə həllinə nail olmuşdu. Talibanın hakimiyyətə gəlməsindən sonra xüsusilə Kabil hava limanının idarə olunması məsələsində Türkiyə vasitəçilik təşəbbüsləri göstərib". Hafizoğlu qeyd edib ki, NATO qüvvələrinin tərkibində Azərbaycan hərbçiləri də bu missiyada iştirak edib və Türkiyə hərbçiləri ilə birgə çalışıblar: "Qərb ölkələrinin Talibanla əlaqələrə ehtiyatla yanaşmasına baxmayaraq, diplomatik körpülərə sahib olan ölkələr arasında Türkiyə və Azərbaycan xüsusi yer tutur. Azərbaycan Taliban hökumətinə səfir təyin edib və Kabildə səfirlik fəaliyyət göstərir. Bu da ölkəmizin dialoqa açıq siyasətinin göstəricisidir. Türkiyə isə bu dialoqun qurulmasında ən önəmli aktorlardan biri kimi çıxış edir".
Rufiz Hafizoğlu daha sonra Pakistan-Hindistan münasibətlərinə və Kəşmir məsələsinə toxunaraq qeyd edib ki, Türkiyə və Azərbaycan hər zaman haqlı mövqedə olan Pakistanı dəstəkləyib: "Türkiyə bu bölgədə dialoqun qurulması və müharibənin qarşısının alınması üçün bir sıra təşəbbüslərlə çıxış edib. Bu səylər nəticəsində hər nə qədər tam nəticə əldə olunmasa da, tərəflər arasında müəyyən yaxınlaşmalar müşahidə olunur. 2023-cü ildə Sudan, Qəzzadan sonra dünyanın göz yumduğu və qulaq tıxadığı ikinci bölgədir. Türkiyə Sudandakı qarşıdurmalar zamanı həm mülki hakimiyyətin bərpası, həm də humanitar dəhlizlərin açılması istiqamətində ciddi səylər göstərib. Sudan coğrafiyası Türkiyə üçün yad deyil. Təəssüf ki, bu bölgədə bəzi dövlətlərin aktiv maraqları və bəzilərinin münaqişəni qızışdırması Türkiyənin prosesə daha fəal qoşulmasının qarşısını alıb".
İsrail və Livan arasında dəniz sərhədi məsələsinə də münasibət bildirən siyasi şərhçi qeyd edib ki, bu məsələdə əsas vasitəçi Türkiyə olmasa da, Ankara bölgədə sabitliyin və dayanıqlı sülhün bərqərar olması üçün addımlar atmaqda davam edir: "Onun fikrincə, Türkiyənin xarici siyasətində vasitəçilik missiyası daim əsas prioritetlərdən biri olub".
Rufiz Hafizoğlu sonda vurğulayıb ki, türk xalqları heç zaman müharibəni dəstəkləməyib: "Biz güclü və döyüşkən xalq olmağımıza baxmayaraq, sülh tərəfdarıyıq və məhz bu xüsusiyyət bizi daha da güclü edir.
Türk xalqı, yəni yalnız Azərbaycan yox, ümumilikdə bütün türk dünyası aqressiv xalq deyil. Biz mübariz və sözünü deyə bilən bir millətik. Bu isə bizim regionda və dünyada sülhün qurulmasında önəmli rol oynamağımızı təmin edir."
Həmayıl Şükürlü
17:13 18.05.2025
Oxunuş sayı: 1167