Bu qurultay türk birliyinə yeni nəfəs verəcək - Türkoloq
Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə yubiley tədbirləri keçiriləcək. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Sənəd Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə əsaslanaraq, həm də Birinci Türkoloji Qurultayın Azərbaycan və bütöv türk dünyasının XX əsr elmi-mədəni həyatında oynadığı əvəzsiz rolu nəzərə alaraq qəbul olunub. Sərəncamda bildirilir ki, 2026-cı ilin fevralında Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 ili tamam olur. Bu qurultay türk xalqlarının ortaq irsinə və çoxəsrlik mədəni mirasına söykənən inteqrasiya prosesində dönüş nöqtəsi hesab edilir. Tarixi elmi forumda türkologiyanın ən aktual məsələləri geniş şəkildə müzakirə olunmuş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəni inkişafı ilə bağlı mühüm qərarlar qəbul edilmişdi. Həmçinin latın qrafikalı vahid ümumtürk əlifbasına keçid ideyası toplantının əsas mövzularından biri olmuşdu.

Sərəncam ilə bağlı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə doktoru, türkoloq Faiq Ələkbərli Crossmedia.az-a açıqlama verib. Bildirib ki, Türkoloji qurultayın Bakıda keçirilməsi təsadüfi deyil, 100 il əvvəl də bu böyük toplantıya məhz Bakı ev sahibliyi etmişdi: ‘’O dövrdə Sovet imperiyasının türk xalqlarının dil və əlifba məsələlərində öz maraqları vardı. Əvvəl latın, sonra isə kiril əlifbasına keçid tələbi, əslində, bu xalqları öz kökündən ayırmağa yönəlmiş parçalı bir siyasətin tərkib hissəsi idi. Bütün bunlara baxmayaraq, türkoloji qurultayda iştirak edənlər öz fikirlərini ifadə etməklə mühüm işlər görürdülər. Bu gün keçirilən qurultay da həmin xəttin davamıdır. Biz yenidən yaradıcı ideyalarımızı ortaya qoyuruq’. Artıq nə Sovet imperiyasının, nə də Qərb dövlətlərinin diktə etdiyi istiqamətləri əsas götürürük. Müstəqil türk dövlətləri olaraq əlifba və dil siyasətində müəyyən nailiyyətlər əldə etmişik. Bu işlər, əlbəttə, asan deyil, amma davam edir’’.
Türkoloq qeyd edib ki, növbəti qurultayda alimlərin dil, əlifba, ədəbiyyat və terminologiya məsələlərinə daha dərin və sistemli şəkildə yanaşacağı gözlənilir: ‘’Türk xalqlarının bu günü və gələcəyi üçün sanballı işlərin ortaya çıxacağına ümid böyükdür. Çünki artıq ortaq tarix, ortaq ədəbiyyat, ortaq terminologiya və ortaq dil istiqamətində proseslər gedir. Əlbəttə, müəyyən uyğunsuzluqlar da mövcuddur. Bunları bir anda aradan qaldırmaq mümkün deyil; fərqli düşüncələr, fərqli yanaşmalar hələ də öz təsirini göstərir. Amma eyni zamanda milli təfəkkürü əsas götürən alimlərimizin sayı artır və bu da gələcək üçün sevindirici haldır. Bu mənada, 100 ildən sonra keçirilən qurultay bizim üçün böyük bir ümid mənbəyidir. Bu, türk xalqlarının gələcəyi üçün də ümiddir. Güney Azərbaycan türkləri, uyğurlar, qırım türkləri və digər toplumların taleyinə işıq sala biləcək bir ümid’’.
Sevinc Yarməmmədova
11:38 05.12.2025
Oxunuş sayı: 10278