Ərdoğan elə bir liderdir ki... - Politoloq
2026-cı ilin iyul ayında Ankarada NATO Liderlər Zirvəsi
keçiriləcək, zirvə proqramı çərçivəsində Müdafiə Sənayesi Forumu və NATO
Müdafiə Nazirləri Toplantısı təşkil olunacaq. NATO toplantıları adətən vacib
qərarlarla yadda qalır. Bu baxımdan gələn il keçirilməsi nəzərdə tutulan
iclasda hansı məsələlərin müzakirə olunacağını indidən proqnozlaşdırmaq mümkün
olsa da, qərarlar müzakirə mövzusudur.
Alyans liderlərinin görüşündən gözləntilər barədə
Crossmedia.az-a danışan politoloq Əhəd Məmmədli söyləyib ki, Türkiyə NATO-nun
aparıcı və aktiv üzvlərindən biridir: “Son illər Türkiyənin NATO ilə əlaqələri
daha da genişlənib. Prezident Ərdoğan bu münasibətləri strateji üstünlüyə
çevirərək həm ABŞ, həm Avropa, həm də Rusiya və Çinlə balanslı siyasət yürüdür.
Böyük ehtimalla, Ankara yenidən ABŞ-la F-35 qırıcılarının alınması məsələsini
gündəmə gətirməyə və öz hərbi imkanlarını gücləndirməyə çalışacaq. Eyni
zamanda, Türkiyə bu prosesdə Qərblə əlavə hərbi əməkdaşlıq formatları, o
cümlədən müəyyən bölgələrdə ABŞ qüvvələrinin yerləşdirilməsi kimi məsələlərdə
razılıq əldə etməyə ümid edir. Ümumilikdə, Türkiyə bu danışıqlardan maksimum
siyasi və hərbi dividendlərlə çıxmağa çalışacaq. Çünki Ərdoğan elə bir liderdir
ki, hər hansı addımı onun qarşılığını almadan atmaq niyyətində olmur”.
Sevinc Sultanlı
15:54 04.12.2025
Oxunuş sayı: 2078