Nazir: "3+3" formatının əvvəl Azərbaycanda, sonra Ermənistanda keçirilməsi təklif edilib
Azərbaycan "3+3" regional formatının əvvəl Azərbaycanda, sonra Ermənistanda keçirilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı Seyid Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu formatın yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüşdü:
"Artıq bu formatda üç dəfə görüşlər keçirilib - Rusiya, İran və 2024-cü ildə Türkiyədə. Türkiyədəki görüşün sonunda Azərbaycan tərəfi növbəti görüşün Azərbaycanda keçirilməsini təklif etmişdi. Bildirmişdik ki, Azərbaycanda görüş keçirildikdən sonra biz növbəti görüşün Ermənistanda keçirilməsinə razılıq verəcəyik. Əfsuslar olsun ki, həmin zaman belə bir razılıq əldə olunmadı. Ermənistan tərəfi bu ardıcıllığa öz razılığını bildirmədi. (report)
Lakin hesab edirik ki, bu gün fərqli bir mühit mövcuddur. Artıq Ermənistan və Azərbaycan nümayəndə heyətləri bir-birilərinin ərazilərində görüşlərdə iştirak edirlər. Bunları və digər faktorları nəzərə alaraq hesab edirik ki, hazırkı məqamda Ermənistanın Azərbaycanın 2024-cü ildə səsləndirdiyi təklifdən imtina etməyə əsası yoxdur. Ən azından, biz bu məntiqi görmürük. Təklifimiz qüvvədədir".
A.Əraqçi isə öz növbəsində vurğulayıb ki, İran Azərbaycanla Ermənistan arasında əlaqələrin inkişafını dəstəkləyir:
"İran, həmçinin Azərbaycanın təklifinə uyğun olaraq "3+3"ün əvvəlcə Azərbaycanda, daha sonra Ermənistanda keçirilməsini dəstəkləyir".
14:05 08.12.2025
Oxunuş sayı: 920