Tramp Netanyahunu Ağ Evə dəvət edib- Masada nələr var?
ABŞ Prezident Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahunu Ağ Evə dəvət edib. Bu, Vaşinqton–Təl-Əviv xəttində yeni siyasi mərhələnin başlaya biləcəyini göstərir. Bu görüşün məqsədi ABŞ-İsrail münasibətlərində yaranmış gərginlikləri yumşaltmaq, Yaxın Şərqdə dəyişən təhlükəsizlik arqumentlərini müzakirə etmək və iki ölkənin regional strategiyalarına yenidən forma vermək kimi məsələlərlə əlaqələndirilir. Xüsusilə Qəzza böhranı, İranın artan təsiri, həmçinin ABŞ-ın Yaxın Şərqdə güc balansını qorumaq niyyəti bu dəvətin əsas motivləri kimi qiymətləndirilir. Bu fon qarşısında ABŞ və İsrail əməkdaşlığının yeni mərhələdə hansı istiqamətdə dərinləşəcəyi diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Yaxın Şərq üzrə eksperti Lalə Xəlilzadə Crossmedia.az-a açıqlama verib:
"ABŞ Prezidenti Donald Trampın Benyamin Netanyahunu Vaşinqtona dəvət etməsi iki ölkə arasında münasibətlərin təkcə yeni mərhələyə daxil olması deyil, həm də yeni regional strategiyanın konturlarının formalaşması kimi qiymətləndirilə bilər.
Telefon danışığı zamanı müzakirə edilən mövzuları nəzərə alaraq, planlaşdırılan görüşün diqqət mərkəzində Qəzza zolağının gələcək statusu, HƏMAS-ın tam silahsızlaşdırılması və Qəzzada bundan sonra idarəçilik mexanizmlərinin necə formalaşdırılacağı dayanır. Planlaşdırılan görüş nəticəsində bölgədə təhlükəsizliyin təmin olunması, beynəlxalq nəzarət mexanizmlərinin yaradılması, ərəb ölkələrinin mümkün iştirakı və Qəzzanın siyasi-arxitektur modelinin müəyyənləşdirilməsi kimi kritik məsələlər üzrə konkret razılaşmaların əldə edilməsini gözləmək olar. Qeyd edək ki, Tramp administrasiyası Qəzzanın demilitarizasiyasını əsas şərt kimi vurğulayır və bu prosesin yalnız ABŞ-İsrail koordinasiyası ilə mümkün ola biləcəyini bildirir.
Həmçinin D. Trampın bu dəvətini sentyabr ayında Ağ Evdə baş tutan Tramp–Netanyahu görüşünün davamı kimi də qiymətləndirmək olar. Həmin görüşdə İranın nüvə proqramı, İsrailin müdafiə ehtiyacları və Yaxın Şərqdə ABŞ-nin müttəfiqlərlə daha sıx əməkdaşlıq imkanları müzakirə olunmuşdu. Bu kontekst yeni dəvətin həm təhlükəsizlik, həm diplomatik, həm də siyasi baxımdan daha geniş dairəni əhatə edəcəyini göstərir".
Ekspert qeyd edib ki, Tramp administrasiyası Qəzza müharibəsindən sonra regionun gələcəyinin müəyyən edilməsini strateji prioritet hesab edir: "Buraya Qəzzanın idarəçiliyində ərəb ölkələrinin potensial rolu, beynəlxalq nəzarət mexanizmlərinin qurulması və insani vəziyyətin stabilləşdirilməsi daxildir. Bu yanaşma həm də, ABŞ-nin regiondakı vasitəçilik rolunu gücləndirməsinə xidmət edir. Görüş eyni zamanda, 2020-ci ildə başlanan normalizasiya prosesinin — BƏƏ, Bəhreyn, Mərakeş və potensial digər ərəb dövlətləri ilə münasibətlərin — yenidən gündəmə gətirilməsi üçün platforma yaradır. Vaşinqton İsrailin ərəb ölkələri ilə diplomatik əlaqələrinin genişləndirilməsini regionda uzunmüddətli sülh modelinin vacib elementi kimi görür.
Görüşün digər gündəm mövzusu kimi, İranın regional təsir dairəsi və nüvə proqramını göstərə bilərik. ABŞ administrasiyası İsrailin təhlükəsizlik ehtiyaclarının təmin edilməsini və eyni zamanda İranla bağlı beynəlxalq təzyiq mexanizmlərinin koordinasiyasını vacib hesab edir. Gələcək görüşün Orta Şərqdə yeni siyasi-təhlükəsizlik arxitekturasının formalaşmasına təsir göstərəcəyi gözlənilir. Bu mənada Tramp-Netanyahu dialoqu ABŞ-İsrail münasibətlərinin növbəti strateji mərhələsinin təməlini qoya bilər".
Ayhan
21:13 02.12.2025
Oxunuş sayı: 698