Türk dünyasının həmrəyliyi regionda yeni siyasi reallıqlar formalaşdırır – Deputat
Müasir beynəlxalq münasibətlərdə Türk dünyasının həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikası (ŞKTR) arasında siyasi və mənəvi yaxınlaşma bu əməkdaşlığın daha da gücləndiyini göstərir. ŞKTR xarici işlər naziri Tahsin Ertuğruloğlu bildirib ki, bütün çətinliklərə baxmayaraq, Prezident İlham Əliyevin Şimali Kiprə göstərdiyi səmimi münasibət və davamlı dəstək Kipr türkləri üçün mühüm motivasiya mənbəyidir. Rəsmi tanınma olmasa da, üçtərəfli əməkdaşlığın müxtəlif siyasi platformalarda genişlənməsi Türk dünyasının həmrəyliyinin regional və diplomatik çəkisini artırır.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Şimali Kipr Türk Respublikasının Azərbaycanla münasibətləri son illərdə ciddi siyasi irəliləyiş nəticəsində əhəmiyyətli dərəcədə intensivləşib:
“Parlamentlərarası dostluq qrupları yaradılıb və bu istiqamətdə mühüm addımlar atılıb. Bu münasibətlərin Azərbaycan tərəfindən bir vəfa borcu kimi dəyərləndirilməsi çox vacibdir. Azərbaycan çalışır ki, Kiprə hər zaman dəstək versin və hazırkı təcrid olunmuş vəziyyətdə Şimali Kiprə ən səmimi dəstək məhz bizim tərəfimizdən təmin olunur".
Deputat vurğulayıb ki, bu siyasət eyni zamanda Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətlərinə əsaslanan strateji yanaşmasının bir parçasıdır:
“Əminəm ki, bu əməkdaşlıq bundan sonra daha da sürətlənəcək. Həm siyasi, həm humanitar sahələrdə əlaqələrin genişlənməsi Türk dünyasının birliyinə töhfə verəcək".
Mehriban Yariyeva
21:25 02.12.2025
Oxunuş sayı: 661