“Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərdən asılıdır”- ŞƏRH

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın sözlərinə görə, Nikol Paşinyan hakimiyyəti dövründə milli təhlükəsizlik, xarici siyasət, demokratik idarəçilik, iqtisadi sabitlik və milli həmrəylik sahələrində ciddi pozuntular baş verib və bu istiqamətlərdə vəziyyət xeyli zəifləyib.
O bildirib ki, ölkə müasir tarixinin ən təhlükəli döngələrindən birində dayanır: Bu gün ermənilərin əksəriyyəti bir əqidə ətrafında birləşib; Baş nazir Nikol Paşinyan getməlidir. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır. 2018-ci ildə ümid və transformasiya vədləri ilə başlayan şey - şəffaflıq, ədalət və dirçəliş - bu gün özbaşınalıq, bacarıqsızlıq və strateji uğursuzluq dövrünə çevrildi.
Vardan Oskanyanı bildirdiyi fikirlər barədə Crossmedia.az saytına açıqlama verən siyasi şərhçi Kənan Novruzovun sözlərinə görə, siyasətçinin bəyanatında iki mühüm məqam yer alır və hər iki istiqamət üzrə ayrıca təhlil aparılmalıdır : "Birinci istiqamət Paşinyanın daxili, ikinci isə xarici siyasəti ilə bağlıdır. Görünən odur ki, Oskanyanın dediklərini sadəcə bir müxalifət nümayəndəsinin Paşinyanı tənqid etməsi kimi qiymətləndirmək düzgün olmazdı. Onun fikirlərində, şübhəsiz ki, məntiqi əsaslar mövcuddur. Bəli, bəzi ifadələr müəyyən qədər şişirdilib və hətta təhrif olunmuş ola bilər. Lakin belə bir deyim var: “Od olmayan yerdən tüstü çıxmaz””.
O söyləyib ki, ikinci məsələ Ermənistanın xarici siyasət kursudur və burada vəziyyət daha da mürəkkəbdir: “Ermənistan hazırda müxtəlif istiqamətlərə çəkilir: Rusiya bir tərəfə, İran başqa tərəfə, Qərb isə digər tərəfə yön verməyə çalışır. Bu vəziyyət Ermənistanın regional xarici siyasətində qəti mövqe ortaya qoymasına ciddi əngəllər yaradır. Xarici güclər öz maraqları naminə, xüsusilə Cənubi Qafqazdakı mövqelərini qorumaq üçün Ermənistandan alət kimi istifadə etməyə çalışırlar. Nəticədə Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıra bilmir. Bəlkə də, bu xarici təsirlər olmasaydı, Ermənistan artıq çoxdan bu ölkələrlə diplomatik münasibətləri bərpa etmiş olardı".
Siyasi şərhçi bildirib ki, Paşinyan özünü demokratik lider kimi təqdim etsə də, ölkəsini demokratik dövlət kimi göstərməyə çalışsa da, Ermənistan daxilində polis zorakılığı hallarına rast gəlinir, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılır, bəzi hallarda etiraz aksiyalarına və mitinqlərə icazə verilmir, mətbuat və söz azadlığı pozulur: “Bütün bunlar, təbii olaraq, Oskanyan və onun kimi digər müxalifət nümayəndələrinin Paşinyanı haqlı şəkildə tənqid etməsinə səbəb olur. Əgər Paşinyan özünü bu qədər demokratiyanın siması kimi göstərməsəydi, bu qədər sərt və genişmiqyaslı tənqidlərə də məruz qalmazdı. O isə özünü bir növ "demokratiyanın atası" kimi təqdim edir, amma praktiki fəaliyyəti bu obrazla uzlaşmır. Lakin Ermənistan bu qədər xarici asılılıq içində qaldığı müddətdə öz siyasi iradəsini ifadə edə bilmir, daha doğrusu, başqalarının diktəsi ilə hərəkət etməyə məcbur qalır. Bu da Ermənistanın suveren siyasət aparmaq imkanlarını məhdudlaşdırır və nəticədə ölkənin daxili siyasi vəziyyətinə də təsir edir. Bu şəraitdə Paşinyanın istefası məsələsi gündəmə gəlir, narazılıqlar artır və ümumilikdə, onun siyasi mövqeyi zəifləyir.
K.Novruzovun sözlərinə görə bütün bu uğursuzluqlar – həm daxili, həm də xarici siyasətdəki boşluqlar Paşinyanın əleyhinə işləyir: "Belə bir vəziyyətdə onun hakimiyyətdə qalması üçün ən optimal yol siyasi iradə nümayiş etdirmək, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, sülh sazişinə imza atmaq və regional əməkdaşlığa üstünlük verməkdir. Bu baş verərsə, Ermənistan tədricən xarici asılılıqlardan xilas ola bilər, ölkə üçün daha sabit və təhlükəsiz regional mühit formalaşa bilər və iqtisadi inkişaf sayəsində daxili böhrandan çıxış yolu tapıla bilər".
Pərvin Hacıyeva
21:42 01.05.2025
Oxunuş sayı: 605