Zelenski istefa verir? - AÇIQLAMA

Ukrayna-Rusiya müharibəsi artıq üçüncü ildir ki, davam edir və bu müddət ərzində bölgədə siyasi, hərbi və humanitar vəziyyət davamlı olaraq dəyişir. Müharibənin ilk günlərindən etibarən Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub və Qərbin əsas dəstəkçilərindən biri kimi çıxış edib. Lakin son dövrlərdə onun istefa verəcəyi ilə bağlı yayılan iddialar yeni suallar və ehtimalları gündəmə gətirib. Bu iddialari rəsmi mənbələr hələlik təsdiqləməsə də Rusiyanın mövqeyi və Qərbin reaksiya ehtimalları məsələyə marağı artırır. Hazırkı geosiyasi vəziyyətdə belə bir hadisənin baş verməsi yalnız Ukrayna daxilində deyil, bütövlükdə regionda güc balansına və sabitliyə ciddi təsir göstərə bilər. Məhz bu səbəbdən Zelenskinin istefası məsələsi həm siyasi dairələrdə, həm də ekspert çevrələrində geniş müzakirə mövzusuna çevrilmişdir.
Beynəlxalq münasibətlər və diplomatiya araşdırmaları mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov Zelenskinin mümkün istefası barədə Crossmedia.az-a danışıb: "Zelenskinin istefası ilə bağlı rəsmi mənbələr açıqlama verməyib. Mövzu ilə bağlı yayılan məlumatlar hazırda yalnız şayiə xarakteri daşıyır. Bu səbəbdən məsələ ilə bağlı yekun nəticə çıxarmaq hələ tezdir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın "Politico" nəşrinə verdiyi müsahibəsində bildirib ki, Rusiyanın məqsədi Zelenskinin istefasını tələb etmək deyil. O qeyd edib ki, Moskva Zelenski ilə bəzi məsələləri aydınlaşdırmağa hazırdır. Bununla yanaşı, Peskov əlavə edib ki, Ukrayna cəmiyyəti özü Prezident Zelenskinin legitimliyini sual altına qoya bilər".
S. Hümbətovun fikrincə, müharibə şəraitində olan bir ölkədə dövlət başçısının istefa verməsi sabitliyin təmin olunacağı anlamına gəlmir: " Əksinə, bu, ölkədə daxili siyasi böhranın dərinləşməsinə, hətta hökumət daxilində yeni vətəndaş qarşıdurmalarının yaranmasına səbəb ola bilər. Belə bir ssenaridə Rusiyaya meyilli və Qərb yönlü qüvvələr arasında gərginliyin artması ehtimal olunur. Qərb dövlətlərinin isə Zelenskinin istefasını arzulamadığı və onun vəzifədə qalması üçün bütün siyasi və diplomatik imkanlardan istifadə edəcəkləri gözlənilir. Digər tərəfdən, Zelenskinin istefa verib-verməməsinin Ukrayna-Rusiya müharibəsində sülhə birbaşa təsir göstərəcəyi də real görünmür. Hazırkı vəziyyətdə sülhün təmin olunması üçün tərəflər ya qarşılıqlı razılığa gəlməli, ya da onlardan biri digərinin şərtlərini qəbul etməlidir. Əgər Zelenski və ya onu əvəzləyəcək şəxs Rusiyanın tələblərini qəbul etməzsə, bu, münaqişənin davam etməsi demək olacaq. Digər tərəfdən, yeni prezident Rusiyanın şərtlərinə razılıq versə, bu, Ukraynanın ərazi itkiləri ilə nəticələnə bilər. Hazırda Zelenskinin istefası ilə bağlı Kiyev tərəfindən rəsmi açıqlamanın verilməsi gözlənilir. Yalnız bundan sonra məsələnin digər aspektləri barədə dəqiq və əsaslı fikir bildirmək mümkün olacaq".
Ləman Həsənova
16:34 24.04.2025
Oxunuş sayı: 4010