Dünyada vulkanik fəallıq: Bir çox yanardağlar yenidən fəaliyyətə başlayıb

Dünyanın müxtəlif bölgələrində vulkanik fəallıq artıb. İtaliyada Etna, ABŞ-nin Havay adalarında Kilauea, Endoneziyada Semeru və Kosta Rikada Poas yanardağları yenidən lav və kül püskürməyə başlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Siciliya adasında yerləşən və Avropanın ən aktiv və ən yüksək vulkanı hesab olunan Etna yanardağında yenidən püskürmələr qeydə alınıb. 3 min 330 metr hündürlüyə malik olan Etna adətən böyük dağıntılara səbəb olmur. Siciliya yaxınlığındakı Stromboli adasında Stromboli və Neapol yaxınlığında Vezüv yanardağları da İtaliyanın digər aktiv vulkanları sırasındadır.
Amerika Birləşmiş Ştatlarının Havay ştatında yerləşən və dünyanın ən aktiv yanardağlarından biri olan Kilauea da lav püskürtməyə başlayıb. Bu, 23 dekabrdan bəri qeydə alınan 18-ci püskürmədir. Rəsmilər, Kilauea yanardağının yerləşdiyi milli parkda ziyarətçilərə təhlükəsizlik tədbirlərinə riayət etməyi və zərərli qazlara qarşı ehtiyatlı olmağı tövsiyə edib.
Kosta Rikada Poas yanardağı fəaliyyətə keçib və 2 min 708 metr hündürlükdəki vulkandan püskürən kül və tüstü 3 kilometr yüksəkliyə qədər qalxıb.
Endoneziyada isə Semeru yanardağı kül və duman püskürməyə davam edir. Hazırda bölgədə vulkanik fəallıq müşahidə olunur.
Mədinə Cəlilova
21:14 23.04.2025
Oxunuş sayı: 718