Avropa Komissiyası Apple və Meta-ya qarşı cərimə tətbiq etdi

Avropa Komissiyası, ABŞ-la davam edən ticarət müharibəsi fonunda, Apple və Meta şirkətlərinə qarşı Rəqəmsal Bazarlar Aktına (DMA) əməl etmədiklərinə görə cərimələr tətbiq edib və iki işi bağlayıb. Bu qərar, ABŞ ilə ticarət gərginliyinin artmasına səbəb ola bilər.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, komissiya Apple-ı 500 milyon avro, Meta-nı isə 200 milyon avro cərimələyib. Apple, tətbiq hazırlayanların istifadəçilərlə birbaşa ünsiyyət qurmasına və alternativ təkliflər təqdim etməsinə maneə yaratdığı üçün cərimələnib. Meta isə istifadəçilərə ya abunəlik ödənişi etməyi, ya da şəxsi məlumatlarını reklam üçün paylaşmağı təklif edən “ödə və ya razılaş” modelinə görə DMA-ya zidd davranıb.
Texnologiya nəhəngləri cərimələrə etiraz edərək, bu qərarın apellyasiya ediləcəyini bildirib və Avropa nizamlamalarını ticarət rüsumları ilə müqayisə edib. Avropa Komissiyası, cərimələrin maksimal həddə yaxın olmamasına baxmayaraq, yeni qanunun tətbiqini və pozuntuların "ağırlıq, davamlılıq və təkrarlanma" prinsiplərinə əsasən qiymətləndirildiyini qeyd edib.
Komissiya, Apple-ın istifadəçilərə brauzer seçimi təqdim etməməsi və Facebook Marketplace-in DMA-ya daxil olan əsas platforma xidməti sayılmaması ilə bağlı iki işi də bağlayıb. Avropa Komissiyasının rəqabət üzrə komissarı Tereza Ribera, Apple və Meta-nın DMA-ya uyğun tədbirlər görməyərək, istifadəçiləri və biznesləri öz platformalarına asılı vəziyyətdə saxladığını bildirib.
ABŞ Prezidenti Donald Trump isə, Avropa rəqəmsal qaydalarını "Amerika şirkətlərinə qarşı vergilər" adlandıraraq təzyiq göstərib. Avropa isə DMA və Digital Services Act-ın (DSA) hamıya bərabər yanaşan qanunlar olduğunu və ayrıseçkilik etmədiyini vurğulayır, amma ABŞ bu qaydaları ticarətə maneə olan “gizli rüsumlar” kimi qiymətləndirir.
Fatimə Nəbiyeva
19:05 23.04.2025
Oxunuş sayı: 1103