Papa Fransiskin ölümündən sonra “Conclave” filmində izləyici sayı artdı

Oskar mükafatı qazanan “Conclave” filmi Papa Fransiskin vəfatından sonra tamaşaçılar arasında yenidən populyarlıq qazanıb və izlənmə rəqəmləri yüksəlib.
Papa Fransiskin aprelin 21-də vəfat etməsi Edvard Bergerin rejissorluğu ilə çəkilmiş “Conclave” filmində marağın artmasına səbəb olub. 2024-cü ildə ekranlara çıxan və yeni papanın seçilməsi prosesindən bəhs edən film hazırda Amazon Prime Video platformasında yayımlanır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Luminate-in məlumatına əsasən, filmin izlənməsi 283 faiz artaraq aprelin 20-də 1,8 milyon dəqiqədən aprelin 21-də 6,9 milyon dəqiqəyə yüksəlib. Netflix-də yayımlanan “İki Papa” filmi də bu dövrdə marağın artmasından faydalanıb. Belə ki, onun izləmə müddəti 417 faiz artaraq 1,5 milyon dəqiqəyə çatıb.
“Conclave” Robert Harrisin eyniadlı romanı əsasında çəkilib. Film kilsənin yeni liderinin seçilməsi üçün keçirilən gizli konklavı və burada baş verən siyasi və şəxsi qarşıdurmaları təsvir edir. Baş rollarda Ralph Fiennes, Stanley Tucci, John Lithgow və Isabella Rossellini yer alır.
Filmdə dörd müxtəlif kardinal namizəd göstərilir, onların hər biri fərqli baxışları və dəyərləri təmsil edir. Sonda isə kilsənin yeni lideri olaraq tolerantlıq və dəyişikliyi təmsil edən Vincent Benitez seçilir. Film boyunca gender, etika və kilsə içindəki müxtəlif güc oyunlarına da toxunulur.
Əsərin ssenarisi bəzi təhriflərə baxmayaraq, Vatikan protokollarını və konklav prosesini yüksək dəqiqliklə əks etdirir. Dini tədqiqatçılar filmin təfərrüatlarını və atmosferini müsbət qiymətləndiriblər.
“Conclave” hazırda Amazon Prime Video-da izlənilə bilər.
Zəhra Ağayeva
17:08 23.04.2025
Oxunuş sayı: 671