Nəbih Berri: “İsrail Livanın atəşkəsə sadiqliyini kölgədə qoymağa çalışır”

İsrailin Livanın cənub bölgələrinə son hücumları rəsmi Beyrutun ciddi narahatlığına səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Livan Parlamentinin sədri Nəbih Berri İsrailin artan hərbi əməliyyatlarının BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə zidd olduğunu və Livanın atəşkəs razılaşmasına sadiqliyini gözdən salmaq məqsədi daşıdığını bildirib.
Parlament Sədrliyinin Media Ofisinin yaydığı açıqlamaya görə, Berri bu barədə Baş Qərargah rəisi Rudolf Heykel ilə telefon danışığında müzakirə aparıb.
“İsrailin dünən və son həftələrdə davam etdirdiyi hücumlar Livanın atəşkəsə sadiqliyinə kölgə salmaq cəhdidir. Livan razılaşmaya əməl edən yeganə tərəf olaraq qalır, lakin İsrail beynəlxalq hüquqa və Livanın suverenliyinə məhəl qoymur”, - Berri qeyd edib.
Xatırladaq ki, bazar günü İsrail ordusunun Livanın cənubundakı Səidə və Nəbatiyə şəhərlərinə həyata keçirdiyi hücumlar nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.
Hava zərbələri ilə müşayiət olunan hücumlar, 2024-cü il noyabrın 27-də əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrailin razılaşmanı davamlı şəkildə pozduğunu göstərir.
Aybəniz Səfərova
18:03 21.04.2025
Oxunuş sayı: 597