Tramp Dövlət departamentində radikal dəyişikliklərə hazırlaşır

ABŞ Prezidenti Donald Trampın Dövlət departamentində kəskin ixtisarlar və yenidən qurmanı nəzərdə tutan yeni bir fərman üzərində işlədiyi bildirilib. Xarici KİV-in məlumatına görə, fərman qüvvəyə minərsə, bu, 1789-cu ildən bəri departamentdə həyata keçirilmiş ən böyük dəyişikliklərdən biri olacaq.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, sənədə əsasən, onlarla vəzifə və departament ləğv ediləcək. Bunlara iqlim, qaçqınlar, demokratiya və Afrika məsələləri ilə məşğul olan şöbələr, həmçinin Beynəlxalq Təşkilatlar Bürosu daxildir. Kanada ilə diplomatik fəaliyyətlərdə də ciddi ixtisarlar nəzərdə tutulur.
Yeni struktura əsasən, Dövlət departamentində dörd regional büro fəaliyyət göstərəcək – İndo-Sakit Okean, Latın Amerikası, Yaxın Şərq və Avrasiya. Sahraaltı Afrikada isə “əsas əhəmiyyət daşımadığı” bildirilən səfirlik və konsulluqlar bağlanacaq. Bağlanacaq diplomatik nümayəndəliklərin sayı hələ dəqiqləşməyib. Dəyişikliklərin 1 oktyabra qədər başa çatdırılması planlaşdırılır.
The New York Times-ın gündəmə gətirdiyi layihəyə görə, Afrika əlaqələri bürosu, İqlim üzrə xüsusi nümayəndəlik, Beynəlxalq təşkilatlar bürosu və Qlobal qadın məsələləri ofisi ilə yanaşı, ictimai diplomatiya və ictimaiyyətlə əlaqələr büroları da ləğv ediləcək.
Kanada ilə münasibətlər, artıq yalnız Dövlət departamentinin tərkibində yaradılacaq daha kiçik bir “Şimali Amerika Əlaqələri Ofisi”nin səlahiyyətində olacaq.
Diplomatik heyət isə əvvəlki kimi rotasiya ilə yox, bütün karyeraları boyu çalışmaları üçün nəzərdə tutulmuş regionlara təyin ediləcək. Bu təyinatın bir hissəsi olmaq istəməyən diplomatlar 30 sentyabra qədər imtina edə biləcəklər.
Yeni fərman, həmçinin diplomatik xidmətə qəbul üçün yeni bir “xarici xidmət imtahanı”nı da nəzərdə tutur. Bu imtahan Prezidentin xarici siyasət vizionuna uyğunluğu əsas götürəcək.
“Fulbright” təqaüdləri ilə bağlı da dəyişikliklər gözlənilir. Yeni qaydalara görə, təqaüdlər yalnız milli təhlükəsizliklə əlaqəli sahələrdə magistr təhsili üçün veriləcək. Prioritet isə Çin (Mandarin), Rus, Fars və Ərəb dillərində intensiv proqramlara veriləcək.
Tarixən afroamerikalılarla assosiasiya olunan Vaşinqtondakı Howard Universiteti ilə bağlı təqaüd proqramlarına da son qoyulacaq. Bu addım Tramp administrasiyasının Çeşidlilik, Bərabərlik və İnteqrasiya (DEI) proqramlarına son vermə təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilir.
Mədinə Cəlilova
17:21 20.04.2025
Oxunuş sayı: 496