Ekvador Prezidentinə sui-qəsd hazırlanır

Ekvadorda 13 aprel seçkilərində yenidən qalib elan edilən Prezident Daniel Noboaya qarşı mümkün sui-qəsd təhlükəsi səbəbilə təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə keçirilib.
Crossmedia.az xəbər verir ki, Ekvador Prezident Administrasiyasının yaydığı bəyanatda, “Prezidentimizə və digər dövlət rəsmilərinə qarşı yönələn hər cür hücum cəhdini qətiyyətlə pisləyir və rədd edirik. Cinayətkar qrupların, seçkilərdə məğlub olan siyasi dairələrlə birgə zorakılıq, qorxu və terror yolu ilə xaos yaratmaq cəhdi acınacaqlıdır”, – deyə bildirilib.
Bəyanatda, bütün təhlükəsizlik protokollarının işə salındığı və dövlətin bu təhdidlərə tam gücü ilə cavab verəcəyi vurğulanıb: “Qətiyyətimizi sınayacaqlar. Onlar ölüm saçır, biz isə həyat, demokratiya və azadlıq uğrunda mübarizə aparırıq.”
Ekvador Silahlı Qüvvələri Komandanlığı da strateji obyektlərə və dövlət qurumlarına qarşı hücum planları barədə əldə olunan kəşfiyyat məlumatını təsdiqləyib. Açıqlamada, küçələrdə zorakılığa səbəb ola biləcək aksiyaların planlaşdırıldığı bildirilib.
Qeyd edək ki, 13 aprel tarixində keçirilən prezident seçkilərinin ikinci turunda, Milli Seçki Şurasının məlumatına görə, hazırkı Prezident Daniel Noboa səslərin 56,13 faizini toplayaraq qalib gəlib. Müxalifətdən solçu namizəd Luisa Qonzales isə nəticələrin saxtalaşdırıldığını irəli sürərək seçkini tanımadıqlarını açıqlayıb.
Mədinə Cəlilova
17:07 20.04.2025
Oxunuş sayı: 615