Məktəblilərə sağlam qəlyanaltı vərdişləri aşılanır



Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması ilə bağlı layihəni davam etdirir.
Crossmedia.az Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsinə istinadənxəbər verir ki, layihədə iştirak etmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən 10 ümumi təhsil müəssisəsi seçilib. Layihəyə cəlb olunan 2400-ə yaxın ibtidai sinif şagirdinə həftədə bir dəfə olmaqla qablaşdırılmış paketlərdə kişmiş paylanılacaq.
Layihənin əsas məqsədi şagirdlərə sağlam qəlyanaltı vərdişləri qazandırmaqdır. Layihə çərçivəsində kişmişin seçilməsi isə təsadüfi deyil. Kişmiş tərkibindəki dəmir sayəsində beyin funksiyalarını yaxşılaşdıran, sümük və sinir hüceyrələrini, ürək döyüntüsünü tənzimləyən, yüksək enerji qaynağı olmaqla yanaşı, qanartırıcı xüsusiyyətə malik olan qida məhsuludur və uşaqlarda anemiyanın qarşısının alınmasına kömək edir. Ona görə kişmişin tərkibindəki dəmir uşaqların zehni inkişafını əhəmiyyətli dərəcədə dəstəkləyən və uğur nisbətini artıran qida məhsulu hesab edilir.
Əlavə olaraq layihə çərçivəsində məktəblərdə sağlam, yetərli və balanslı qidalanma mövzusunda maarifləndirmə tədbirləri həyata keçiriləcək. Şagirdlərə sağlam qəlyanaltı vərdişlərinin qazandırılması və onların qəlyanaltıda təbii, sağlam qidalara üstünlük verməsi layihənin əsas gözləntisi hesab edilir.
Qeyd edək ki, layihə Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyinin iştirakı ilə həyata keçirilir.
17:33 11.04.2025
Oxunuş sayı: 1470