Füzuli: yaddaşın qayıdışı
(17 Oktyabr – Füzuli Şəhəri Gününə bir baxış)
Deyir, şəhərlərin də öz hekayəsi, yığvalı və ruhu var. Şəhərlər var öz tarixini yüzillərin sakit axarında yaşayır, şəhərlər də var tarixin ən sərt sınaqlarından keçərək yenidən doğulur. Bəzi şəhərlərinsə adı coğrafi ünvan olmaqdan çıxıb ulusun yaddaşına, milli mənəviyyatına, dövlətçilik düşüncəsinə çevrilir. Füzuli bax, belə şəhərlərdəndir.
Füzuli – Qarabağın güney-doğusunda, dağların düzənliyə endiyi, torpağın Araza doğru nəfəs aldığı bir məkandır. Quruçayın, Köndələnçayın, Çərəkənçayın su yaddaşı ilə yoğrulan bu torpaq yüzillər boyunca insan məskəni, təsərrüfat meydanı, mənəvi dəyərlər ocağı olub. Burada təbiət və tarix bir-birinə qarışır (qovuşur!), coğrafiya həm də yığval xəritəsi kimi görünür…
Füzuli deyəndə yalnız 1386 kv.km.-lik inzibati ərazini nəzərdə tutmuruq. Bu adın arxasında Qarabulaqdan başlanan şəhər tarixi, qədim yaşayış izləri, Babı kəndindəki XIII yüzilə aid Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəllidəki XIV yüzil Mirəli türbəsi, Əhmədalılardakı orta çağ qəbiristanlığı, nəsillərin bir-birinə ötürdüyü söz, sənət, inanc və yaşayış mədəniyyəti dayanır.
Bir şəhərin maddi sınırları xəritədə göstərilə bilər, bəli; ancaq onun mənəvi sınırları harada başlayır, harada bitir – gəl də göstər… – Bunu ölçmək çətindir. Çün şəhərin yaddaşı onun sakinlərinin anılarında, gələnək-görənəklərində, dilində, hətta yuxularında yaşar…
Füzuli bax, elə bu anlamda bəlli kvadraturadan, bir bölgə olmaqdan və nəhayət coğrafiyadan daha böyükdür.
Elə isə gəlin adın yaddaşı, yaddaşın adı üzərində bir az nəfəs alaq.
Şəhərin 1827-ci ildən başlanğıc götürən çağdaş tarixi Qarabulaq adı ilə bağlıdır. 1930-cu ildə təşkil olunan rayon Qaryagin adlandırılmış, 1959-cu ildə isə dahi Azərbaycan şairi, "Bəngü-Badə"nin də yazarı olan Məhəmməd Füzulinin adı ilə bəngüləşdirilmişdir.
Bu ad dəyişməsi özlüyündə ayrıca mədəni hadisədir.
Gəlin bir düşünək: bir şəhərin böyük şairin adını daşıması nə deməkdir? Bu inzibati qərar olsa da, sözün coğrafiyaya, poeziyanın toplumsal yaddaşa daxil olmasıydı. Füzuli öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını ümumtürk və ümumbəşəri söz xəzinəsinin yüksək qatlarına qaldıran sənətkardır. Onun adı ilə çağırılan şəhər isə sanki bu böyük mənəvi mirasın coğrafi daşıyıcısına çevrilmişdir.
Əlbəttə, dahi şairin həyatı ilə bugünkü Füzuli şəhərinin tarixi eyni hadisələr silsiləsi deyil; lakin mədəniyyətin öz məntiqi var – bəzən məkanlara kimlik verən adlar, onlara mənəvi məsuliyyət də yükləyir. Füzuli adı da belədir.
Bu ad bizə xatırladır ki, torpaq – maddi sərvət olması etibarıyla sözlə, yaddaşla, ruhla anlamlananda Vətən olur.
Bəs dağıdılan şəhərin, dağıdıla bilməyən yaddaşı necə olur?.. –
Güclü havadarlarına arxalanan Ermənistan silahlı qüvvələrinin 1993-cü il avqustun 23-də Füzuli şəhərini (və rayonun böyük bölümünü) işğal etməsi Azərbaycanın yaxın tarixində ağır faciələrdən oldu.
İnsanlar doğma evindən, həyətindən, ata-baba ocağından didərgin düşdü. Şəhərin gündəlik yaşamını təşkil edən küçələr, məktəblər, mədəniyyət məkanları, ictimai münasibətlər sistemi parçalandı. Bir şəhər öz sakinlərindən ayrı düşdü.
Ancaq burada önəmli bir fərq vardır: insanı evindən çıxarmaq olar, ancaq evin xatirəsini onun yaddaşından çıxarmaq mümkünmü?..
Füzulililər illərlə başqa şəhər və rayonlarda yaşadı. Balalar böyüdü, yeni nəsillər dünyaya yetişdi. Doğulduğu yurdu görməyən uşaqlar onun haqqında ata-analarının, nənə-babalarının xatirələrindən öyrəndi.
Beləliklə, Füzuli fiziki məkan olaraq əlçatmaz qaldığı illərdə də mənəvi məkan kimi yaşamağa davam etdi.
Bu, mədəniyyətin vacib özəlliyidir: onun maddi daşıyıcıları dağıdıla, lakin mənəvi davamlılığı insanın yaddaşında qoruna bilər.
Dərin mədəniyyət baxışından burada maraqlı bir qanunauyğunluq görünür: mədəniyyətin itirilməsi ilə onun daşıyıcılarının sıradan çıxarılması eyni hadisə deyil. Maddi irs dağıntıya uğraya bilər, lakin mənəvi irs insanın yaddaşında, dilində, gələnəyində, davranışında yaşamağa davam edib durar.
Əlbəttə, bu, dağıntıların, itkilərin kiçildilməsi anlamına gəlməz; əksinə, yaddaşın qorunması həmin itkilərin miqyasını idraka, onları unutdurmamağa və gələcək üçün nəticə çıxarmağa imkan verir.
1994-cü il yanvarın 5-də rayonun 22 yaşayış məntəqəsinin azad edilməsi isə sonrakı illərin mürəkkəb tarixi içində önəmli hadisə oldu. Füzulinin bir hissəsində həyat davam etdi, digər hissəsində doğma yurda qayıdış ümidi yaşadı, yaşadı...
Və vaxt gəldi, vədə yetişdi – 2020-ci il oktyabrın 17-si tarixdən taleyə çevrilən gün oldu! – Bu tarix Füzulinin tarixində yeni mərhələnin başlanğıcıdır.
Azərbaycan Ordusu Füzuli şəhərini, eləcə də Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərini işğaldan azad etdi. 44 günlük Vətən müharibəsi ərzində rayonun ümumilikdə 62 yaşayış məntəqəsi azad olundu.
Füzuli uğrunda döyüşlər hərbi baxımdan xüsusi mürəkkəbliyi ilə seçilirdi. Uzun illər boyu qurulmuş istehkamların, çoxqatlı müdafiə xətlərinin yarılması Azərbaycan Ordusunun qarşısında duran ağır vəzifələrdən idi. Bu müdafiə sisteminin aşılması sonrakı hərbi əməliyyatların gedişində strateji rol oynadı.
Bəli, Füzulinin azadlığı yalnız bir şəhərin geri alınması olmadı; bu hadisə onilliklərlə davam etmiş ayrılığın sona çatması, dövlətin ərazi bütövlüyünün bərpası, məcburi köçkünlərin qayıdışı üçün yeni imkanların açılması demək idi.
2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalının təsis edilməsi həmin döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların xidmətinin dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsi, təntənəsi oldu.
Bununla belə bütün tarixi hadisələrin arxasında insan taleləri dayanır. Füzulinin azadlığı haqqında danışarkən şəhidlərin xatirəsini, qazilərin fədakarlığını, müharibənin insanlara yaşatdığı ağrıları unutmuruq.
Zəfərin mənəvi dəyəri yalnız əldə edilən nəticədə təcəlli etmir, həm də həmin nəticənin hansı itkilər və fədakarlıqlar bahasına mümkün olmasında görünür.
2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin Sərəncamı ilə 17 oktyabrın Füzuli Şəhəri Günü kimi müəyyənləşdirilməsi hərbi-tarixi hadisənin ictimai yaddaşda davamlı anım və bayram hələnəyinə çevrilməsinə hüquqi əsas yaratdı.
Budur, 17 Oktyabr bizim təqvimdə Füzulinin dünəni ilə sabahını birləşdirən mənəvi körpü oldu.
İnsan doğma yurduna qayıdanda əslində hara qayıdır? – Bu sual ilk baxışda sadə görünür; ancaq onun cavabı çoxqatlıdır.
İnsan evinə qayıdır, əlbəttə. Küçəsinə, məhəlləsinə, uşaqlıq xatirələrinin məkanına qayıdır. Lakin bununla yanaşı, öz keçmişinə, ailəsinin tarixinə, nəsillərin mənəvi davamlılığına da qovuşur.
Böyük Qayıdışın fəlsəfi anlamı bax, elə buradadır.
2023-cü il avqustun 18-də Füzuli şəhərinə ilk köç karvanının çatması yeni yaşayış mərhələsinin başlanğıcı idi. Uzun illər müvəqqəti məskunlaşma ortamında yaşayan ailələr üçün bu hadisə sadəcə ünvan dəyişikliyi sanıla bilərdimi?.. – Bu, yurdla insan arasında qırılmış gündəlik əlaqələrin bərpası idi.
2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə – 3153 nəfər köçürülmüşdür.
Bu rəqəmlərin hər birinin arxasında ayrıca insan hekayəsi dayanır. Bir ailənin yeni mənzilinin qapısını açması, bir uşağın doğma şəhərində məktəbə getməsi, bir yaşlının uzun illərdən sonra öz yurdunun havasını duyması – bütün bunlar Böyük Qayıdışın canlı mənzərələridir.
Şəhərin dirçəlişi də elə buradan başlamırmı?
Yeni binalar tikmək mümkündür. Küçələr salmaq, yollar çəkmək, kommunikasiya xətləri qurmaq da mümkündür. Ancaq şəhəri yenidən şəhər edən onun İNSANLARIDIR.
Şəhər o zaman tam anlamı ilə dirçəlir ki, orada uşaqların səsi eşidilir, məktəblər fəaliyyət göstərir, kitab oxunur, musiqi səslənir, qonşuluq münasibətləri yaranır, bayramlar qeyd olunur, yeni xatirələr doğulur.
Başqa sözlə, quruculuq şəhərin cismini, mədəniyyət isə onun ruhunu bərpa edir.
Füzuli – yeni şəhər mədəniyyətinin sınaq meydanıdır. Şəhərsalma və Memarlıq İlində bu, özəlliklə dərin anlam daşıyır.
Füzulinin yenidən qurulması Azərbaycanın çağdaş şəhərsalma tarixində ayrıca mərhələdir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
11:44 17.10.2026
Oxunuş sayı: 64