Prezident İlham Əliyevin uğur formulu- Azərbaycan nümunəsi

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Çin mediası CGTN-ə müsahibəsində liderliyin əsas prinsiplərindən danışıb. Dövlət başçısı vurğulayıb ki, lider üçün ən vacib keyfiyyətlərdən biri xalqa qarşı ədalətli və dürüst olmaqdır.
“Liderlik böyük məsuliyyətdir və ən başlıcası, lider öz xalqına qarşı ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Təəssüf ki, bir çox siyasətçi hakimiyyətə gəlmək üçün böyük vədlər verir, amma sonra onları yerinə yetirmir. Bu da siyasi böhran və inamsızlığa gətirib çıxarır”, – deyə Prezident İlham Əliyev bildirib.
Ölkə rəhbərinin səsləndirdiyi fikirlərlə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Könül Nurullayeva dövlət başçısının vurğuladığı məqamların müasir geosiyasi şəraitdə xüsusi aktuallıq daşıdığını qeyd edib:
“Həqiqətən, bugünkü mürəkkəb geosiyasi şəraitdə liderlik əsas faktor kimi ön plana çıxır. Çünki xaos, vətəndaş qarşıdurması baş verən dövlətlərə diqqət yetirdikdə, problemin kökündə dayanan əsas səbəbin normal siyasi lider çatışmazlığı olduğunu görürük. Dövlət başçısı zəif olduqda, öz dövlətini, xalqını müdafiə edə bilmədikdə, böyük güclərin əlində marionetə çevrildikdə xalqlar çox böyük faciələrlə üzləşir. Həmin ölkələr isə bir növ poliqona çevrilir”.
O, liderlərin hakimiyyətə gələndə verdikləri vədləri yerinə yetirməsinin vacibliyini xüsusi vurğulayıb:
“Xalqa yalan vədlər verməyin sonu yoxdur. Əsas uğur verilən vədlərin yerinə yetirilməsindədir. Müqayisə üçün Azərbaycan nümunəsini qeyd etmək istərdim. Azərbaycan son illər dünyadakı nüfuzunu daha da möhkəmləndirib, beynəlxalq sülh və sabitliyə töhfə verməklə regional siyasətin formalaşdırılmasında mühüm rol oynayan dövlətə çevrilib. Bu, Prezident İlham Əliyevin zəngin liderlik bacarığı, praqmatik xarici siyasətinin nəticəsidir”. – deyə bildirib.
Deputat Azərbaycanın iqtisadi gücünü, siyasi nüfuzunu və hərbi qüdrətini artırdığını vurğulayaraq ölkənin regional lider kimi qəbul olunduğunu bildirib:
“Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə regionun lideri, eyni zamanda qlobal aktor kimi qəbul olunur. Bunun nəticəsidir ki, bütün tərəfdaşlar Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə çalışır. Nüfuzlu siyasi xadimlər Prezident İlham Əliyevin uzaqgörən liderliyini, Azərbaycanın tərəqqisi naminə göstərdiyi fədakarlığı xüsusi qeyd edirlər”.
O, Prezident İlham Əliyevin 2003-cü ildən etibarən həyata keçirdiyi siyasətin Azərbaycanın müasir inkişaf tarixində yeni mərhələ açdığını qeyd edib:
“Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim edən Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizin güclənməsinə xidmət edib. Ölkəmiz qlobal əhəmiyyətli təşəbbüslərin müəllifi kimi etimad qazanıb, regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsini və bölgədəki əməkdaşlığın dərinləşməsini şərtləndirib”.
Parlamentari Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və bu prosesin davam etdiyini bildirib:
“BMT, Qoşulmama Hərəkatı kimi nüfuzlu təsisatlarda yüksək səviyyəli təmsilçilik ölkəmizin beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycanın D-8 kimi nüfuzlu təşkilata yekdilliklə üzv qəbul olunması ölkəmizə olan etimadın göstəricisidir”.
Sonda K. Nurullayeva Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi vədləri uğurla yerinə yetirdiyini vurğulayaraq bildirib:
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişib. Bütün bunlar Prezident İlham Əliyevin ilk hakimiyyət illərindən etibarən həyata keçirdiyi vədlərin yekdilliklə yerinə yetirilməsinin nəticəsidir. Bu səbəbdən əksər dövlət başçıları Azərbaycan Prezidentinin uğur formulu ilə maraqlanır və onu nümunə kimi təqdim edirlər”.
Maral Şahverdili
16:38 13.02.2025
Oxunuş sayı: 10526