Bir gün az, digər gün çox yatmaq sağlamlığa necə təsir edir?
Gecədən-gecəyə fərqli müddətdə yatan, bir gün az, digər gün isə xeyli çox yuxu alan insanlarda ürək-damar xəstəliklərinin yaranma riski daha yüksək ola bilər.
Crossmedia.az xəbər verir ki, bu nəticə ABŞ-də 10 mindən çox yetkin insanın sağlamlıq məlumatları əsasında aparılan araşdırmada üzə çıxıb.
Tədqiqatın nəticələri “Circulation: Population Health and Outcomes” elmi jurnalında dərc olunub.
Boston Uşaq Xəstəxanası, Harvard Tibb Məktəbi və Merilend Universitetinin Tibb Mərkəzinin alimləri “Fitbit” fitnes izləyicilərindən əldə olunan yuxu məlumatlarını iştirakçıların tibbi qeydləri ilə müqayisə ediblər.
Araşdırma zamanı təxminən altı ay ərzində iştirakçıların yuxu müddəti, yatma və oyanma saatları izlənilib. Daha sonra onların sağlamlıq vəziyyəti median hesabla 3,7 il ərzində müşahidə edilib.
Nəticələr göstərib ki, yuxu müddətindəki dəyişkənliyin artması ürək-damar xəstəlikləri riskinin yüksəlməsi ilə əlaqəlidir. Belə ki, gecəlik yuxu müddətindəki dəyişkənliyin 29 dəqiqə artması ürək-damar xəstəliklərinin ümumi risk göstəricisinin 24 faiz yüksəlməsi ilə əlaqələndirilib.
Alimlər yatma və oyanma saatlarının tez-tez dəyişməsinin də risklə əlaqəli olduğunu müəyyən ediblər. Tədqiqatçılar vurğulayırlar ki, eyni orta yuxu müddətinə malik iki insanın sağlamlıq riskləri fərqli ola bilər. Burada əsas fərqlərdən biri yuxu rejiminin nə dərəcədə sabit olmasıdır.
Araşdırma yuxunun yalnız müddətinin deyil, həm də müntəzəmliyinin ürək sağlamlığı baxımından əhəmiyyətini ortaya qoyur. Bununla belə, yuxu rejiminin sabitləşdirilməsinin ürək-damar xəstəlikləri riskini birbaşa azaldıb-azaltmadığını müəyyən etmək üçün əlavə klinik tədqiqatlara ehtiyac var.
06:44 22.11.2026
Oxunuş sayı: 32