365 metrlik Çamlıca qülləsinə ildırım düşüb — FOTO
Türkiyənin İstanbul şəhərində güclü yağış və dolu zamanı Üsküdar rayonunda yerləşən Çamlıca qülləsinə ildırım düşüb. Hadisə ətrafdakı sakinlərin mobil telefonları vasitəsilə lentə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “SonDakika” məlumat yayıb.
Məlumata görə, yağışın şiddətini artırdığı vaxt ildırım qüllənin ən yüksək nöqtəsində yerləşən ildırımdan mühafizə sisteminə (paratonerə) düşüb. Zərbə nəticəsində səma bir anlıq işıqlanıb.
Hadisə zamanı İstanbulun bir sıra rayonlarında da əlverişsiz hava şəraiti müşahidə olunub. Bəzi ərazilərdə dolu yağması nəticəsində yollar ağ örpəyə bürünüb, güclü yağış isə küçə və prospektlərdə su yığıntılarına səbəb olub.
Yağış zamanı sürücülər avtomobillərini doludan qorumaq üçün qapalı məkanlara sığınıblar.
Bildirilir ki, qüllədə quraşdırılmış paratoner sistemi ildırımın təsirini öz üzərinə götürdüyündən tikilidə hər hansı zərər qeydə alınmayıb.
Qeyd edək ki, 365 metr hündürlüyündə olan Çamlıca qülləsi İstanbulun ən hündür tikililərindən biridir.

23:57 21.11.2026
Oxunuş sayı: 44