Deputat səhiyyə təşkilatları ilə görüşüb
20 noyabr 2026-cı il tarixdə Azərbaycan Milli Qeyri-hökumət Təşkilatları (QHT) Forumunda “Səhiyyə islahatları: Dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq və dialoq” mövzusunda görüş keçirilmişdir. Görüşdə səhiyyə sahəsində fəaliyyət göstərən 20-yə yaxın QHT nümayəndəsi iştirak edib.
Crossmedia.az xəbər verir ki, görüş Azərbaycan Milli QHT Forumunun idarə heyətinin üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Pərvanə Vəliyevanın təşəbbüsü ilə baş tutmuşdur. Tədbirin açılış nitqi ilə çıxış edən Milli QHT Forumunun idarə heyətinin sədri Ramil İskəndərli görüşün məqsədinin səhiyyə sisteminin bütün sahələrinin ölkə əhalisi üçün əlçatanlığının təmin edilməsi üçün dövlətlə vətəndaş cəmiyyətinin sıx və səmərəli əməkdaşlığı barədə fikir mübadiləsi olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən ictimai Birliklərin rəhbərləri və nümayəndələri səhiyyə ilə əlaqədar fəaliyyətlərini səsləndirərək, təkliflər irəli sürüblər. Müzakirələr interaktiv şəkildə aparılmış və bütün iştirakçılar dinlənilmişdir.
Müzakirələr zamanı əlilliyi olan şəxslərin sağlamlıq problemləri, kistoz-fibroz, vərəm, hemofiliya, şəkərli diabet kimi xəstəliklərlə milli mübarizə tədbirləri, pasiyentlərə dəstək, həmçinin, uşaqların psixi sağlamlığının qorunması ilə bağlı tədbirlər müzakirə olundu, təkliflər irəli sürüldü.
Deputat Pərvanə Vəliyeva səsləndirilən və müzakirə edilən bir sıra məsələlərin qanunvericilik çərçivəsində öz həllini tapması istiqamətində zəruri tədbirlər görülməsi məqsədilə aidiyyəti üzrə müraciətlər olunacağını və vətəndaş cəmiyyəti ilə bu sahədə təmasların davam etdiriləcəyini bildirmişdir.
12:20 21.11.2026
Oxunuş sayı: 48