ABŞ Tayvana ilk 5 ədəd F-16 qırıcısını təhvil verib
Tayvan ABŞ-dən sifariş etdiyi 66 ədəd F-16 Block 70 döyüş təyyarəsindən ilk beşini təhvil alıb. Təyyarələrin çatdırılması bir neçə illik gecikmədən sonra həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, "Axios" nəşri bu barədə məlumat yayıb.
Bildirilib ki, qırıcıların üçü noyabrda, ikisi isə oktyabrda Tayvana çatdırılıb. Təyyarələr Taytun şəhəri yaxınlığındakı hərbi hava bazasına enib.
ABŞ 2019-cu ildə Tayvana 66 ədəd F-16 Block 70 qırıcısının satışını təsdiqləyib. İlkin plana əsasən, təyyarələrin çatdırılmasına 2023-cü ildə başlanmalı idi. Lakin istehsal və təchizat problemləri səbəbindən proses bir neçə il gecikib.
Məlumata görə, ilk beş qırıcının təhvil verilməsi ABŞ-nin Tayvana silah tədarükü üzrə təxminən 30 milyard dollarlıq yerinə yetirilməmiş sifarişlərinin müəyyən hissəsinin tamamlanması deməkdir.
Pentaqonun keçmiş rəsmilərindən biri isə beş təyyarənin çatdırılmasını kifayət qədər məhdud irəliləyiş hesab edib.
Onun sözlərinə görə, təhvil verilən qırıcılar Tayvana vəd edilmiş hərbi texnikanın yalnız kiçik bir hissəsini təşkil edir.
Qeyd edək ki, ABŞ istehsalı olan F-16 Block 70 qırıcıları müasir radar, avionika və silah sistemləri ilə təchiz edilib.
Yeni təyyarələrin Tayvanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə xidmət edəcəyi bildirilir.
16:08 17.11.2026
Oxunuş sayı: 122