Aydın Rəcəbov: Yaradıcılığımda əsas istiqamət türkçülükdür - SƏNƏTŞÜNAS
İncəsənət yalnız rənglərin, xətlərin və formaların bir araya gəlməsi deyil. Hər bir rəsm əsərinin arxasında rəssamın düşüncəsi, dünyagörüşü, yaşantıları və cəmiyyətə çatdırmaq istədiyi mesaj dayanır. Bir əsəri anlamaq üçün isə ona sadəcə baxmaq kifayət etmir; onun yaranma tarixini, müəllifin niyyətini və daşıdığı mənanı da dərk etmək lazımdır.
Crossmedia.az-ın məhz bu məqsədlə hazırladığı “Sənətşünas” layihəsində hər həftə tanınmış və fərqli yaradıcılıq yolu olan bir rəssamı qonaq edərək sənət dünyasına səyahət edirik. Layihə çərçivəsində rəsm əsərlərini təhlil edir, onların ideya və məzmununu müzakirəyə çıxarır, rəssamların yaradıcılıq üslubu, sənətə baxışı və əsərlərinin arxasında dayanan düşüncələrlə tanış oluruq. Məqsədimiz təsviri sənətin incəliklərini daha geniş auditoriyaya çatdırmaq, tamaşaçı ilə sənət əsəri arasında düşüncə körpüsü yaratmaq, eyni zamanda Azərbaycan rəssamlığının tanınmış nümayəndələrinin yaradıcılıq irsini daha yaxından tanıtmaqdır.
Layihənin ilk buraxılışının qonağı isə Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələrindən biri, Xalq rəssamı Aydın Rəcəbovdur.
Onun sənətə gedən yolu uşaqlıq illərindən başlayıb. Hələ 2-3 yaşlarında uşaq bağçasında çəkdiyi rəsmlərin illər sonra da həmin müəssisənin divarlarında qalması bu marağın təsadüfi olmadığını göstərir. Rəssam olmaq arzusu ilə böyüyən Aydın Rəcəbov Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb, daha sonra Moskva və Bakı ilə bağlı müxtəlif təhsil təcrübələrindən keçərək öz sənət yolunu müəyyənləşdirib.
Bəs Aydın Rəcəbovun yaradıcılığının əsas istiqaməti nələrdir? O rəsm əsərlərində və toxuduğu xalçalarda nəyi diqqətə çatdırmağa çalışır?
“Sənətşünas”ın ilk bölümündə Xalq rəssamı Aydın Rəcəbovla onun sənətə gəlişindən, yaradıcılıq yolunun başlanğıcından, tələbəlik illərindən və rəssam kimi formalaşmasına təsir göstərən insanlardan danışırıq;
20:00 11.11.2026
Oxunuş sayı: 233