Uzunömürlülüyün yeni sirri: Bu orqanı qoruyun
Əzələlərin vəziyyəti yalnız fiziki gücə deyil, insanın ömrünün uzunluğuna da təsir göstərə bilər.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə Yusupov adına Xəstəxananın həkim-endokrinoloqu Tatyana Arçakovaya istinadən məlumat yayıb.
Həkimin sözlərinə görə, müasir araşdırmalar əzələ toxumasının orqanizmdəki roluna yeni baxış formalaşdırır. Əzələlər yalnız güc, sabitlik və xarici görünüş üçün deyil, həm də insanın yaşadığı illərin sayı və keyfiyyəti baxımından əhəmiyyət daşıyır.
Arçakova əzələlərin artıq “uzunömürlülük orqanı” kimi nəzərdən keçirildiyini vurğulayıb.
Həkim bildirib ki, yaşlanma ilə əlaqədar əzələ kütləsinin azalması təbii prosesdir. Lakin bu proses bəzi hallarda patoloji xarakter alaraq sarkopeniyaya səbəb ola bilər. Sarkopeniya əzələlərin miqdarının və keyfiyyətinin tədricən azalması, onların yağ toxuması ilə əvəzlənməsi ilə xarakterizə olunur.
Mütəxəssisin sözlərinə görə, sarkopeniya yıxılma və sınıq riskini artırır, həmçinin həyati təhlükəli fəsadların yaranma ehtimalını yüksəldir. Bu vəziyyət xroniki iltihab, insulinə davamlılıq, qanda qlükoza səviyyəsinə nəzarətin pozulması və piylənmə ilə də əlaqələndirilir.
12:41 08.10.2026
Oxunuş sayı: 159