İncirlikdə ABŞ hərbçisinə qarşı təqib iddiası: iki nəfər saxlanıldı
Adananın Sarıçam rayonunda İncirlikdəki 10-cu Əsas Hava Bazasında xidmət edən ABŞ hərbçisinin iştirakı ilə insident baş verib.
Crossmedia.az xəbər verir ki, Türkiyə mediası hadisənin ötən şənbə günü günorta saatlarında baş verdiyini yazıb.
Məlumata görə, ABŞ ordusunun qadın serjantı K.S. hərbi bazanın yaxınlığındakı əyləncə məkanlarından birində olub. 41 yaşlı E.N. və 47 yaşlı Y.D. adlı iki yerli sakinin onunla tanış olmağa çalışdığı bildirilir.
Qadın hərbçi onlardan uzaqlaşmaq istədikdən sonra həmin şəxslərin ona qarşı israrla yaxınlaşdığı və onu təqib etdiyi iddia olunur.
ABŞ hərbçisi dərhal İncirlik Polis Bölməsinə müraciət edərək şikayət ərizəsi yazıb. Hüquq-mühafizə orqanları qısa müddət sonra şübhəliləri saxlayıb.
Dindirildikdən və ifadələri alındıqdan sonra hər iki şəxs sərbəst buraxılıb. Hadisə ilə bağlı araşdırma davam edir.
15:55 06.10.2026
Oxunuş sayı: 47