Qara dənizdə dron hücumu: gəmi batdı, ekipaj itkin düşdü
Bolqarıstanın Qara dənizdəki müstəsna iqtisadi zonasında iki kommersiya gəmisinə dronlarla hücum edilib. Gəmilərdən biri batıb, onun ekipajının taleyi isə hələ məlum deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, hücum oktyabrın 6-da səhər saatlarında Bolqarıstan sahillərindən təxminən 70 dəniz mili aralıda baş verib. Bolqarıstanın Baş naziri Rumen Radev bildirib ki, “ALFA WATAN” və “ABLE” adlı iki ticarət gəmisi həm hava, həm də dəniz dronlarının hücumuna məruz qalıb.
Toqo bayrağı altında üzən “ALFA WATAN” ciddi struktur zədələri alaraq batıb. Hazırda gəminin ekipaj üzvlərinin harada olduğu barədə məlumat yoxdur və axtarış-xilasetmə əməliyyatı davam edir.
Palaunun bayrağı altında üzən “ABLE” gəmisində isə hücumdan sonra yanğın başlayıb. Gəminin 18 nəfərlik ekipajının hamısı xilas edilib. Onlardan ikisinin ağır yaralandığı və xəstəxanaya çatdırıldığı bildirilib.
Bolqarıstan rəsmiləri bildiriblər ki, bu, ölkənin müstəsna iqtisadi zonasında ticarət gəmilərinə qarşı qeydə alınan ilk dron hücumudur. Dronların kimə məxsus olduğu hələ müəyyən edilməyib.
Hadisə ilə bağlı Rumen Radev hökumət və aidiyyəti qurumların iştirakı ilə təcili iclas çağırıb. Baş nazir hücumu beynəlxalq və dəniz hüququnun ciddi pozuntusu kimi qiymətləndirib.
15:48 06.10.2026
Oxunuş sayı: 58