Qızına görə hərbi hissəyə qayıtmadı- İndi məhkəmə qarşısındadır
Volqoqradda 34 yaşlı Xüsusi Hərbi Əməliyyat iştirakçısı Viktor Semyonovun hərbi hissəni bir aydan çox müddətə tərk etməsi ilə bağlı cinayət işinə baxılır.
Crossmedia.az xəbər verir ki, “v1.ru” bu barədə məlumat yayıb.
İstintaq hesab edir ki, Semyonov xidmətə fasilə vermək istədiyi üçün məzuniyyətdən sonra hərbi hissəyə qayıtmayıb. Hərbçi isə bunu keçmiş həyat yoldaşının ağır xəstələnməsi və 10 yaşlı qızının baxımsız qalması ilə əlaqələndirir.
Semyonovun sözlərinə görə, keçmiş həyat yoldaşı Mariya və qızı Yelena 13 sentyabr 2025-ci ildə xəstəxanaya yerləşdirilib. İkitərəfli pnevmoniya diaqnozu qoyulan Mariya reanimasiyada müalicə olunub və 22 sentyabrda vəfat edib. Qızı isə həmin müddətdə xəstəxanada qanuni nümayəndəsi olmadan qalıb. Yelenanı xəstəxanadan atası götürüb.
Hərbçi iddia edir ki, vaxtından əvvəl xidmətdən azad olunması ilə bağlı raport təqdim etməyə çalışıb, lakin hərbi hissə komandiri müraciətinə cavab verməyib.
Onun sözlərinə görə, oktyabr ayında işə cəlb etdiyi vəkil də cavab ala bilməyib, İstintaq Komitəsinə göndərilən müraciətlər isə nəticəsiz qalıb. Yalnız 2026-cı ilin iyununda məhkəmə raportun araşdırılmasına dair qərar qəbul edib. Semyonov bunun 11 ay çəkdiyini bildirib.
Daha əvvəl Moskvada Qorlovka sakini hərbi hissəni özbaşına tərk etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.
14:13 06.10.2026
Oxunuş sayı: 59