İspaniya növbədənkənar seçkilərə gedir
İspaniyanın Baş naziri Pedro Sançes parlamenti buraxmaq və 29 noyabr 2026-cı ildə növbədənkənar ümumi seçkilər keçirmək qərarını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “20 minutos” bu barədə məlumat yayıb.
Sançes bildirib ki, oktyabrın 5-də Nazirlər Şurasının növbədənkənar iclasını çağıraraq parlamentin buraxılması və ümumi seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul edib.
Baş nazirin sözlərinə görə, yeni islahatların həyata keçirilməsi üçün hökumət xalqın dəstəyini yeniləməli və parlamentdə daha geniş çoxluğun formalaşmasına nail olmalıdır.
Sançes mövcud hökumətin bərabərsizliklə mübarizə, ictimai xidmətlərin inkişafı və mənzilə çıxışın təmin edilməsi ilə bağlı bütün məqsədlərini həyata keçirə bilmədiyini də bildirib.
Baş nazirin seçki qərarı parlamentin aşağı palatasının oktyabrın 2-də hökumətin mənzil məsələləri ilə bağlı hazırladığı iki fərmanı rədd etməsindən sonra açıqlanıb.
İspaniyada mənzil böhranı fonunda etiraz aksiyaları da keçirilib. Oktyabrın 3-də Madriddə keçirilən aksiyada hökumət nümayəndəliyinin hesablamalarına görə 70 min nəfər iştirak edib, aksiya təşkilatçıları isə iştirakçıların sayını 500 min göstərib.
Beləliklə, İspaniyada növbədənkənar ümumi seçkilər noyabrın 29-na təyin edilib.
12:34 05.10.2026
Oxunuş sayı: 47