Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
Bakıda keçirilən dünya çempionatında Azərbaycanın daha 4 cüdoçusu bu gün mübarizəyə başlayacaq.
Crossmedia.az-ın məlumatına görə, yarışın ikinci günündə Gültac Məmmədəliyeva (52 kq), Turan Bayramov, Nizami İmranov və Ruslan Paşayev (hamısı 66 kq) tatamiyə çıxacaqlar.
G.Məmmədəliyevanın ilk rəqibi 1/16 finalda İsrail təmsilçisi Gefen Primo olacaq.
T.Bayramov 1/32 finalda Finlandiyadan olan Lukas Saha, Nizami İmranov isə Gürcüstan cüdoçusu Vaja Marqvelaşvili ilə qarşılaşacaq. R.Paşayev 1/16 finalda Serdar Rahimov (Türkmənistan) – Adrian Nieto Çinarro (İspaniya) görüşünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
Təsnifat mərhələsinin görüşləri saat 10:00-da başlayacaq. Dünya çempionatının rəsmi açılış mərasimi saat 16:30-da, final bloku isə 18:00-da keçiriləcək.
Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.
09:56 05.10.2026
Oxunuş sayı: 44