Polislərdə yeni dövr: Vətəndaşların suallarını artıq belə cavablandıracaq
Böyük Britaniyanın Cənubi Yorkşir Polisi 101 nömrəsinə daxil olan qeyri-təcili zənglərin sayını azaltmaq məqsədilə saytında “Bobbi” adlı süni intellekt köməkçisini istifadəyə verib.
Crossmedia.az xəbər verir ki, yeni chatbot qeyri-təcili hadisələrlə bağlı məsləhət və suallara cavab vermək üçün nəzərdə tutulub. Lakin ondan cinayət barədə məlumat vermək və ya 999 təcili yardım xəttinin alternativi kimi istifadə etmək mümkün deyil.
Cənubi Yorkşir Polisi bildirib ki, Bobbi polis tərəfindən təqdim edilən məlumatlar əsasında istifadəçilərin suallarını cavablandıracaq. Sistem interneti müstəqil şəkildə skan edən digər süni intellekt köməkçilərindən fərqli olaraq, yalnız polis tərəfindən təqdim olunan məlumatlardan yararlanacaq.
Baş superintendant Şeri Battlın sözlərinə görə, polis hər gün 1 000-dən çox 101 zəngi qəbul edir və tələbatın yüksək olduğu vaxtlarda bəzi vətəndaşlar əməkdaşla danışmaq üçün 20 dəqiqə və ya daha çox gözləməli olurlar.
Onun sözlərinə görə, Bobbi qeyri-təcili suallara sürətli cavab verməklə vətəndaşların vaxtına qənaət edəcək, eyni zamanda polis əməkdaşı ilə danışmağa ehtiyacı olan şəxslərin daha tez əlaqə saxlamasına imkan yaradacaq.
Polis rəsmisi süni intellektdən istifadə ilə bağlı narahatlıqları da nəzərə aldıqlarını və Bobbinin təhlükəsiz sistem olduğunu vurğulayıb. O bildirib ki, chatbot bəzi 101 zənglərinin əvəzedicisi deyil, alternatividir.
Bobbi texnologiyası daha əvvəl Hampshire və Uayt adası, Temza Vadisi və Hambersayd polis qüvvələri tərəfindən də tətbiq edilib.
Qeyd edək ki, Cənubi Yorkşir Polisi avqust ayında 101 qeyri-təcili xəttində zənglərin süni intellekt vasitəsilə ilkin çeşidlənməsi sistemini də istifadəyə vermişdi. Məqsəd yanlış yönləndirilən, lazımsız və zarafat xarakterli zəngləri ayıraraq cinayət barədə məlumat vermək istəyən şəxslərin gözləmə müddətini azaltmaq olub.
08:19 05.10.2026
Oxunuş sayı: 64