Rusiya dronları Kiyevin əsas körpülərini vurub, yaralılar var
Rusiya ordusunun Kiyevə pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində şəhərin əsas körpülərinə ardıcıl dörd gündür zərbələr endirilir. Son hücum zamanı iki nəfərin yaralandığı bildirilir.
Crossmedia.az xəbər verir ki, "BBC" bu barədə məlumat yayıb.
Bazar günü səhər Pivniçnı (Şimal) körpüsü ikinci gün ardıcıl hücuma məruz qalıb. Həftənin əvvəlində isə Pivdennı (Cənub) körpüsünə bir neçə dəfə zərbə endirilib. Zərbələrdən sonra körpülər istifadəyə yararlı vəziyyətdə qalsa da, onların zədələnməsi və nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətlər paytaxtın bəzi hissələrində ciddi tıxaclara səbəb olub.
BBC tərəfindən təsdiqlənən videoda dronun hərəkətdə olan avtomobillərin yaxınlığında körpüyə çırpılaraq partladığı, hadisə yerindən qara tüstünün yüksəldiyi görünür. Sosial şəbəkələrdə yayılan digər görüntülərdə isə körpünün hərəkət zolağında böyük dağıntının yarandığı əks olunub.
Kiyev meri Vitali Kliçko bildirib ki, son hücum nəticəsində iki nəfər xəsarət alıb. Onun sözlərinə görə, Rusiya dronlarının başqa bir hücumu nəticəsində Desnyanski rayonunda istilik xətti də zədələnib. Buna görə də rayon sakinlərinin bir müddət isti su ilə təminatında fasilə yaranacaq.
Dnepr çayı üzərində yerləşən səkkiz körpü Kiyevin sağ və sol sahillərini birləşdirir. Təxminən 3 milyon sakinin yaşadığı şəhərdə hər gün 500 minə yaxın avtomobil bu körpülərdən istifadə edir. Hücumlar və hərəkət məhdudiyyətləri şəhərdaxili nəqliyyatda ciddi çətinliklər yaradıb.
Kiyev sakinlərindən Roman BBC-yə bildirib ki, çayın bir sahilindən digərinə keçmək hazırda olduqca çətindir. Zədələnmiş körpülərin bərpası üçün işlər aparılır. Rəsmilər şəhərin nəqliyyat əlaqəsini qorumaq məqsədilə müvəqqəti ponton körpülərin, bərə xidmətlərinin yaradılması və hətta çayın altından tunel çəkilməsi imkanlarını nəzərdən keçirirlər.
Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü Rusiyanın Sumı vilayətindəki anbara dronlarla hücum etdiyini və nəticədə bir nəfərin öldüyünü bildirib. Dnepr şəhərində isə rabitə obyektinə zərbə nəticəsində altı nəfərin yaralandığı qeyd olunub.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində 135 dron buraxıb. Onlardan 52-si reaktiv mühərrikli olub, 125 pilotsuz aparatın və ya uçuş vasitəsinin vurulduğu bildirilib.
Hücumlar davam etdiyi vaxt Almaniyanın kansleri Fridrix Merts Kiyevə gözlənilməz səfər edib və Zelenski ilə görüşüb. Tərəflər müharibədə həlak olan ukraynalı hərbçilərin xatirəsini yad ediblər.
Merts Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb. O, sosial şəbəkədəki paylaşımında Ukraynanın həlledici həftələrlə üzləşdiyini və Almaniyanın təhlükəsizliyinin də müharibənin nəticəsindən asılı olduğunu qeyd edib.
16:33 04.10.2026
Oxunuş sayı: 51