Ukrayna üçün yeni təhlükə — Zelenski Rusiya dronlarından danışdı
Ukrayna Prezidenti Volodimir Zelenski yeni Rusiya reaktiv dronlarının ciddi problem yaratdığını bildirib. Onun sözlərinə görə, Ukrayna hərbi hava qüvvələrinin istifadə etdiyi F-16 və MiQ qırıcıları bu aparatların təxminən 60 faizini məhv edir, lakin 20 mm-lik sursat ehtiyatları azalır.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Zelenski həmçinin Rusiyanın yüzlərlə ballistik raket topladığını bildirib. Ukrayna Ali Radasının deputatı Sergey Raxmanin isə daha əvvəl ölkənin yeni reaktiv pilotsuz uçuş aparatlarının meydana çıxmasını “bir qədər gözdən qaçırdığını” deyib.
Raxmaninin sözlərinə görə, Rusiyanın “Geran-4” və “Geran-5” dronları Ukraynanın hava hücumundan müdafiə zonasına 7 kilometrdən yüksək hündürlükdə daxil olur. O bildirib ki, Ukraynanın yaxın məsafəli hava hücumundan müdafiə sistemləri adi dronları 5 kilometrədək hündürlükdə vura bilir.
Deputat yeni dronların saatda 450-600 kilometr sürətlə uçduğunu və Ukraynanın ələkeçirici vasitələrinin onları təqib edə bilmədiyini bildirib. Onun sözlərinə görə, belə aparatları vurmaq ya çox baha başa gəlir, ya da bunun üçün raket çatışmır.
Rusiya təxminən 10 min “Geran” tipli zərbə dronu toplaya və payız-qış aylarında hava hücumlarının intensivliyini artıra bilər. Analitiklərin qiymətləndirməsinə əsasən, kütləvi hücum zamanı 1500-dək pilotsuz uçuş aparatı, o cümlədən qarşısının alınması daha çətin olan reaktiv modellərdən istifadə edilə bilər.
Kiyev həmçinin “Patriot” sistemləri üçün raket çatışmazlığı olduğunu bildirir. Bu vəziyyət Rusiya dronları və raketlərinin vurulmasını çətinləşdirir. Zelenski daha əvvəl Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin “yaxşı olmayan nəticələr” göstərdiyini etiraf etmişdi.
13:11 04.10.2026
Oxunuş sayı: 47